Kontentə keç

Mündəricatı göstər

Erik və Emi

Xidmətə hazır könüllülər. Qanada

Xidmətə hazır könüllülər. Qanada

TƏBLİĞÇİLƏRƏ ehtiyac olan ölkəyə köçən bacı və ya qardaş tanıyırsınız? Nə vaxtsa sizdə sual yaranıb, görəsən, onu başqa ölkəyə köçməyə nə təşviq edib? Bu addımı atmaq üçün o nə edib? Bəs mən bunu bacararam? Gəlin bu suallara cavab tapmaq üçün bu cür xidmətdə iştirak edən bacı-qardaşlara müraciət edək.

ONLARI NƏ TƏŞVİQ EDİB?

Təbliğçilərə ehtiyac olan xarici ölkəyə köçməyə sizi nə təşviq etdi? 30 yaşlarında olan Emi Birləşmiş Ştatlardandır. O deyir: «Uzun illər idi ki, başqa ölkədə xidmət etmək barədə düşünürdüm. Amma bu, mənə əlçatmaz arzu kimi görünürdü». Bəs necə oldu ki, onun fikri dəyişdi? «2004-cü ildə Belizdə xidmət edən bir cütlük məni qonaq çağırdı və təklif etdi ki, bir ay onlarla birgə orada xidmət edim. Mən bu dəvəti qəbul etdim və peşman olmadım. Bir il sonra Qanaya köçüb öncül xidmətimi orada davam etdirdim».

Aron və Stefani

30-a yaxın yaşı olan Stefani Birləşmiş Ştatlardandır. O, bir neçə il bundan əvvəl öz vəziyyətini götür-qoy etdikdən sonra belə qənaətə gəlir: «Sağlamlığım yerindədir, ailə məsuliyyəti daşımıram. Əslində, mən Yehovanın yolunda daha çox iş görə bilərəm». Bu cür düşüncələr bacını xidmətini genişləndirib Qanaya köçməyə təşviq edir. 60 yaşlarında olan Filip Aida adlı danimarkalı bir cütlük də həmişə təbliğçilərə ehtiyac olan ərazidə xidmət etməyi arzulayıb. Onlar bu arzularını həyata keçirmək üçün həmişə fürsət axtarırdılar. Filip deyir: «Fürsət yarananda bizə elə gəldi ki, sanki Yehova deyir: “Haydı, irəli!”». 2008-ci ildə onlar Qanaya köçdülər və üç ildən artıq orada xidmət etdilər.

Bruk və Hans

30 yaşlarında olan Hans Bruk cütlüyü Birləşmiş Ştatlarda öncül kimi xidmət edir. 2005-ci ildə onlar Katrina qasırğasından zərərçəkmişlərə kömək işində iştirak edirlər. Sonra beynəlxalq tikinti layihələrində iştirak etmək üçün ərizə yazırlar, amma dəvət almırlar. Hans deyir: «Bir dəfə regional toplantıda maraqlı bir fikir eşitdik: Davud padşah biləndə ki, məbədi o tikməyəcək, qarşısına başqa məqsəd qoydu. Bu fikir bizə göstərdi ki, qarşımıza qoyduğumuz məqsədə nail ola bilməyəndə, başqa məqsəd qoymaqda pis bir şey yoxdur» (1 Saln. 17:1—4, 11, 12; 22:5—11). Bruk əlavə edir: «Yehova bizim başqa qapını döyməyimizi istəyirdi».

Hans və Brukun müxtəlif ölkələrdə xidmət edən dostları onlara xidmətlə bağlı maraqlı hadisələr danışırdılar. Bu, onları da xarici ölkədə xidmət etməyə təşviq etdi. Onlar 2012-ci ildə Qanaya getdilər və dörd ay jestdilli yığıncaqda xidmət etdilər. Sonra Birləşmiş Ştatlara qayıtmalı olsalar da, Qanadakı dörd ay ərzində xidmətdə yaşadıqları onların Padşahlığı hər şeydən üstün tutmaq arzularını daha da alovlandırdı. Sonra onlar Mikroneziyadakı filialın tikintisində iştirak etmişdilər.

MƏQSƏDƏ DOĞRU

Təbliğçilərə ehtiyac olan əraziyə köçməzdən əvvəl hansı addımları atmısınız? Stefani deyir: «“Gözətçi qülləsi” jurnalından bu mövzu ilə bağlı məqalələr oxudum *. Eləcə də, yığıncağımın ağsaqqalları ilə, rayon nəzarətçisi və onun həyat yoldaşı ilə danışdım. Ən əsası, məqsədim barədə tez-tez Yehovaya dua edirdim». Bütün bunlarla yanaşı, Stefani məsrəflərini azaltdı ki, xarici ölkədə xidmət etdiyi müddətdə dolanmağa kifayət qədər pulu olsun.

Hans gördükləri hazırlıqlar barədə deyir: «Yehovaya dua edirdik ki, bizə yol göstərsin, çünki biz Onun istədiyi yerə getmək istəyirdik. Duada köçmək istədiyimiz tarixi də demişdik». Hans və həyat yoldaşı dörd filiala məktub yazır. Qana filialından müsbət cavab alandan sonra onlar iki aylıq oraya köçürlər. Oradakı yığıncaqla əməkdaşlıq etmək onların o qədər xoşuna gəlir ki, daha çox qalmaq qərarına gəlirlər.

Adria və Corc

Qırxa yaxın yaşları olan Corc Adria adlı kanadalı cütlük başa düşürdü ki, Yehova Allah arzuya yox, hərəkətə bərəkət verir. Buna görə də arzularına çatmaq üçün onlar konkret addımlar atdılar. Qananın təbliğçilərə tələbat olan ərazisində xidmət edən bir bacı ilə əlaqə yaradıb nə sualları var idisə, ondan soruşdular. Onlar həmçinin Kanada və Qana filialına məktub yazdılar. Adria deyir: «Biz onsuz da sadə yaşayırdıq, amma yenə də məsrəfləri azaltmalı olduq». Bütün bunların sayəsində onlar 2004-cü ildə Qanaya köçə bildilər.

ÇƏTİNLİKLƏRİ AŞIRLAR

Köçəndən sonra hansı çətinlikləriniz oldu və onları necə aşdınız? Emi əvvəl-əvvəl doğmaları üçün çox darıxırdı. O deyir: «Burada hər şey tamamilə fərqli idi». Bəs ona nə kömək etdi? «Qohumlarım zəng edəndə xidmətimi çox qiymətləndirdiklərini deyirdilər. Bu, mənə xidmətimi davam etdirməyə kömək edirdi. Sonralar qohumlarımla video görüntü vasitəsilə danışmağa başladıq. Bir-birimizi gördüyümüz üçün onların uzaqda olduğunu o dərəcədə hiss eləmirdim». Emi deyir ki, xidmətdə təcrübəsi olan yerli bacı ilə dostlaşması ona oranın adət-ənənələrini başa düşməyə kömək edib. «İnsanların müəyyən hərəkətləri mənə qəribə gələndə onların nəyə görə belə davrandığını o bacıdan soruşurdum. Bacının köməyilə başa düşdüm ki, onların ərazisində nəyi etmək olar, nəyi olmaz. Bu mənə xidmətdə uğurlu olmağa kömək etdi».

Corcla Adria söyləyir ki, Qanaya təzə-təzə köçəndə özlərini keçmiş dövrdə hiss edirdilər. Adria deyir: «Paltarı paltaryuyan maşında yox, vedrədə yuyurduq. Yemək bişirmək isə onqat artıq vaxt aparırdı. Müəyyən vaxtdan sonra bu çətinliklərə həyatımıza yeni rəng qatan bir şey kimi baxırdıq». Bruk deyir: «Çətinliklərlə üzləşsək də, biz öncüllərin həyatı çox maraqlı keçir. Xidmətdə yaşadığımız gözəl anları bir yerə toplasaq, bu xatirələri gözoxşayan bir gül dəstəsinə bənzətmək olar».

MÜKAFATLA DOLU XİDMƏT

Xidmətin bu növünü başqalarına nəyə görə tövsiyə edərdiniz? «Həqiqəti öyrənmək üçün Müqəddəs Kitabı hər gün araşdırmağa hazır olan insanların yaşadığı ərazidə təbliğ etmək mənə böyük sevinc gətirir. Təbliğçilərə ehtiyac olan əraziyə köçmək həyatımda verdiyim ən düzgün qərardır», — deyə Stefani öz hisslərini bölüşür. 2014-cü ildə o, Aron adlı qardaşla ailə qurur və hazırda onlar Qana filialında xidmət edirlər.

Almaniyadan olan 30 yaşlarında Kristin adlı öncül bacı Qanadan əvvəl Boliviyada xidmət edib. O deyir: «Bu xidmət növündə sən çox şey öyrənirsən. İnsan qohum-əqrəbadan uzaq olanda köməyi yalnız Yehovadan umur. Yehova Allahı heç vaxt özümə bu qədər yaxın hiss etməmişəm. Bundan əlavə, Allahın xalqının arasındakı birliyin gətirdiyi sevinci dadıram. Bu xidmət növü həyatımı zənginləşdirib». Bu yaxınlarda Kristin Gideon adlı qardaşla ailə qurub və indi onlar Qanadakı xidmətlərini birgə davam etdirirlər.

Kristin və Gideon

Filip və Aida Müqəddəs Kitab dərsi keçdikləri insanların ruhani cəhətdən inkişaf etmələri üçün hansı addımları atdıqlarını danışırlar: «Əvvəllər biz haradasa 15—20 nəfərə dərs keçirdik. Ancaq hər kəsə kifayət qədər diqqət ayırmaq üçün öyrənənlərin sayını 10-a endirməli olduq». Bu, öyrənənlərə fayda gətirdimi? Filip deyir: «Mən Maykl adlı bir oğlanla dərs keçirdim. O hətta hər gün dərs öyrənməyə hazır idi. Dərslərə o dərəcədə yaxşı hazırlaşırdı ki, əsas dərs vəsaitini bir aya keçib qurtardıq. Nəşri qurtaran kimi Maykl vəftiz olunmamış təbliğçi oldu. Təbliğə çıxdığı ilk gün o, məndən xahiş etdi ki, Müqəddəs Kitabı öyrətdiyi insanlara dərs keçməyə ona kömək edim. Bunu eşidəndə mat-məəttəl qaldım. Maykl dedi ki, üç nəfərlə dərsə başlayıb və ona kömək lazımdır». Görün burada tələbat nə qədər böyükdür ki, şagird özü dərs keçir!

Aida və Filip

Emi Qanada təbliğçilərə nə qədər böyük ehtiyac olduğunu tez bir zamanda başa düşür. O deyir: «Buraya gələndən qısa müddət sonra bir kənddə təbliğ edib eşitmə qüsuru olan insanları axtarırdıq. Bu kənddə nə az-nə çox, düz səkkiz nəfər kar insan tapdıq!» Bir müddət sonra Emi Erik adlı qardaşla ailə qurdu. İndi onlar jestdilli yığıncaqda xüsusi öncül kimi xidmət edirlər. Bu ölkədə 300-dən çox lal-kar təbliğçi və çoxlu maraqlanan var. Corc və Adria isə deyir ki, Qanada xidmət edəndə onlar özlərini xüsusi təyinatlı müjdəçi kimi hiss edirdilər. Və təbii ki, Gilad Məktəbinin 126-cı sinfinə dəvət olunanda onların sevinci yerə-göyə sığmırdı! Hal-hazırda onlar Mozambikdə xidmət edirlər.

MƏHƏBBƏTİN QÜDRƏTİ

Müxtəlif ölkələrdən gələn bacı-qardaşların yerli təbliğçilərlə biçin işində çiyin-çiyinə xidmət etdiyini görəndə adamın ürəyi cuşa gəlir (Yəh. 4:35). Qanada hər həftə orta hesabla 120 nəfər vəftiz olunur. Qanaya köçən 17 könüllünü və bütün dünyada xidmət edən minlərlə könüllünü təbliğçilərə tələbat olan ərazidə xidmət etməyə nə təşviq edir? Yehova Allaha məhəbbət! Yehovanın qulluğunda hazır duran bu cür könüllülər Allahımızın ürəyini şad edirlər! (Zəb. 110:3; Məs. 27:11).

^ abz. 9 Bu mövzu ilə bağlı «Gözətçi qülləsi» jurnalının 2009-cu il 15 aprel və 15 dekabr sayında dərc olunan «Padşahlığın təbliğçilərinə tələbat olan ərazilərdə xidmət edə bilərsənmi?» və «Makedoniyaya keçə bilərsənmi?» adlı məqalələrə baxın.