Kontentə keç

Mündəricatı göstər

XOŞBƏXTLİK YOLU

Məhəbbət

Məhəbbət

BƏŞƏRİYYƏT MƏHƏBBƏTƏ MÖHTACDIR. Məhəbbət olmayan yerdə heç bir nikah, ailə, yaxud dostluq möhkəm ola bilməz. Odur ki, məhəbbət insanın əqli sağlamlığı və xoşbəxt olması üçün zəruridir. Bəs «məhəbbət» nədir?

Romantik məhəbbətin öz yeri olsa da, burada söhbət məhəbbətin daha üstün növündən gedir. Bu cür məhəbbət insanı səmimi qəlbdən başqalarının qayğısına qalmağa, hətta onların rifahını özününkündən üstün tutmağa təşviq edir. İlahi prinsiplərə söykənən bu məhəbbət özünü ülfətdə, isti münasibətdə göstərə bilir.

Məhəbbətə verilən bir gözəl tərif belə səslənir: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır... hər şeyə ümid edir, hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir» (1 Korinflilərə 13:4—8).

Əsl məhəbbət nəinki «tükənmir», əksinə zamanla daha da güclənir. Üstəlik, səbirli, xeyirxah, bağışlayan olduğu üçün «kamil birlik yaradır» (Koloslulara 3:14). Bir-birinə belə məhəbbət bəsləyən kəslərin münasibəti möhkəm və xoşbəxt olur, hətta hər birinin mənfi cəhətinin olmasına rəğmən. Məsələn, götürək nikah quruluşunu.

«KAMİL BİRLİK»

Allahın Kəlamında nikahla bağlı vacib prinsiplər yer alır. Məsələn, orada yazılıb: «İnsan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq... Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:5, 6). Bu ayələrdə azı iki vacib prinsipi vurğulamaq olar.

«İKİSİ BİR BƏDƏN OLACAQ». Nikah insanların sahib ola biləcəyi ən məhrəm ittifaqdır. Məhəbbət nikahı xəyanətdən, başqa sözlə, ər və ya arvadın kənar biri ilə «bir bədən» olmasından hifz edir (1 Korinflilərə 6:16; İbranilərə 13:4). Sədaqətsizlik isə etibarı sarsıdır və ailənin dağılmasına səbəb olur. Üstəlik, ailədə uşaqlar varsa, ola bilsin, onlar psixoloji travma alır, özlərini sevgidən məhrum, müdafiəsiz hiss edir və küskün böyüyürlər.

«ALLAHIN BİR BOYUNDURUQDA BİRLƏŞDİRDİYİNİ QOY HEÇ KƏS AYIRMASIN». Nikah həmçinin müqəddəs ittifaqdır. Bunu dərk edən cütlüklər nikahlarını qorumaq üçün əllərindən gələni edir. Onlar problemlər yaranan zaman ayrılmağa bəhanə axtarmırlar. Çünki aralarındakı məhəbbət möhkəm və sarsılmazdır. Belə məhəbbət «hər şeyə qatlaşır», ailədə sülhü və birliyi qorumaqdan ötrü problemlərdən çıxış yolu tapmağa kömək edir.

Valideynlər arasında fədakar məhəbbətin olması uşaqlara müsbət təsir göstərir. Cesika adlı bir qız deyir: «Valideynlərim arasında əsl məhəbbət və hörmət var. Anamın atama hörmətsizlik etdiyini görməmişəm. Xüsusilə də, onun bizim yanımızda atama olan münasibəti məni valeh edir, mən də onun kimi olmaq istəyirəm». 

Məhəbbət Allahın ən başlıca xüsusiyyətidir. Müqəddəs Kitabda yazılıb: «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Buna görə də təəccüblü deyil ki, Yehova «xoşbəxt Allah» adlanır (1 Timutiyə 1:11). Biz də Yaradanımızın xüsusiyyətlərini, xüsusilə də məhəbbət xüsusiyyətini təqlid etsək, xoşbəxt olarıq. Efeslilərə 5:1, 2 ayələrində yazılıb: «Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın».