Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

İsa peyğəmbər — tarixi şəxsiyyət

İsa peyğəmbər — tarixi şəxsiyyət

İSA PEYĞƏMBƏRİN nə var-dövləti, nə də vəzifəsi var idi. Hətta evi də yox idi. Bununla belə, onun hikmətli sözləri milyonlarla insana fayda gətirib. Bəs o, həqiqətən yaşayıb? Qədim və ya müasir mənbələrdə onunla bağlı hər hansı bir məlumat varmı?

  • Maykl Qrant, tarixçi və qədim klassik sivilizasiyası üzrə mütəxəssis deyir: «Əgər Əhdi-Cədidi tarixi əhəmiyyət daşıyan digər qədim əlyazmaları araşdırdığımız meyarlara əsasən araşdırsaq, mövcudluqlarına heç vaxt şübhə etmədiyimiz bütpərəst personajların var olduqlarını qəbul etdiyimiz kimi, İsanın da tarixi şəxsiyyət olduğunu danmayacağıq».

  • Rudolf Bultman, Əhdi-Cədid üzrə professor deyir: «İsanın yaşaması ilə bağlı şübhələr əsassızdır. Bu şübhələrin yanlış olduğunu sübut etməyə belə dəyməz. Heç bir normal insan danmaz ki, ilk icması Fələstində meydana çıxmış tarixi hərəkatın banisi məhz İsa Məsihdir».

  • Uill Dürant, tarixçi, yazıçı və filosof deyir: «Eyni dövrdə yaşamış bir neçə sadə insanın [Müjdələri yazanların] belə bir heyranedici, möhtəşəm, yüksək əxlaqlı, camaatı qardaşlığa səsləyən şəxsiyyət uydurması İncildə yazılmış istənilən möcüzədən daha böyük möcüzə olardı».

  • Albert Eynşteyn, yəhudi əsilli alman fiziki deyir: «Əslən yəhudi olsam da, nəsraninin [İsanın] parlaq şəxsiyyəti məni heyran edir». Eynşteyndən İsa Məsihi tarixi şəxsiyyət hesab edib-etmədiyini soruşanda o, belə cavab vermişdi: «Şübhəsiz! Heç kim İncili İsanın varlığını duymadan oxuya bilməz. Orada yazılmış hər kəlmə onunla döyünür. Heç bir əfsanə belə canlı ola bilməz».

    «Heç kim İncili İsanın varlığını duymadan oxuya bilməz»

    (Albert Eynşteyn)

TARİX NƏYİ GÖSTƏRİR?

İsa peyğəmbərin həyatı və xidməti ilə bağlı ən çox təfsilatlar İncildə — Məttanın, Markın, Lukanın və Yəhyanın qələmə aldıqları müjdələrdə yazılıb. Bundan əlavə, hətta bir sıra qədim tarixi mənbələrdə də İsa peyğəmbərin adı çəkilir.

  • TASİT

    (B. e. təx. 56—120) Tasit ən dahi qədim Roma tarixçilərindən biri hesab olunur. Onun «Salnamələr» adlı tarixi əsəri Roma imperiyasının eramızın 14—68-ci illərini əhatə edir. (İsa peyğəmbər eramızın 33-cü ilində edam olunub.) Tasit yazır ki, eramızın 64-cü ilində Romanı viranə qoyan yanğını Neronun törətdiyi hesab olunurdu, amma Neron «gəzən şayiələrə son qoymaq üçün» günahı Məsihin davamçılarının boynuna qoydu. Tasit deyir: «Tiberinin hakimiyyəti dövründə Məsihə, bu ad [məsihilər] onun adından yaranmışdır, prokuratorlarımızdan biri olan Ponti Pilat tərəfindən ölüm hökmü kəsilmişdi» («Annals», XV, 44).

  • SVETONİ

    (B. e. təx. 69—122-dən sonra) Roma tarixçisi Svetoni «Sezarların həyatı» kitabında ilk 11 Roma imperatorunun hakimiyyəti dövründə baş vermiş hadisələri qələmə almışdı. Bu kitabın Kladiusa aid bölməsində qeyd olunur ki, Romadakı yəhudilər arasında İsa Məsihə görə iğtişaşlar olurdu (Həvarilərin işləri 18:2). Svetoni yazır: «Yəhudilər hər dəfə Məsihin təhriki ilə iğtişaşlar yaratdığına görə o, [Kladius] onları Romadan qovmuşdu» («The Deified Claudius», XXV, 4). Svetoni İsa Məsihi səhvən iğtişaşların səbəbkarı kimi qələmə versə də, onun mövcudluğuna qətiyyən şübhə etmirdi.

  • KİÇİK PLİNİ

    (B. e. təx. 61—113) Roma yazıçısı və Bitiniyanın (indiki Türkiyə) valisi Kiçik Plini Roma imperatoru Trayana ünvanladığı məktubunda məsihilərlə necə rəftar etmək lazım olduğunu soruşmuşdu. O yazmışdı ki, məsihiləri əqidələrindən dönməyə məcbur edir, bundan imtina edənləri isə edam etdirir. Plini izah edir: «Mənim diktəmlə [bütpərəst] allahlara dua edənləri, sənin [Trayanın] heykəlin qarşısında şərab və kündürlə hazırlanmış buxuru təqdim edənləri... Məsihə lənət oxuyanları... azad edirdim» («Pliny—Letters», Book X, XCVI).

  • İOSİF FLAVİ

    (B. e. təx. 37—100) Yəhudi kahini və tarixçisi olan İosif Flavi qeyd edir ki, siyasi nüfuzu olan yəhudi baş kahini Hənna «Sinedrion [yəhudi ali məhkəməsi] hakimlərini bir yerə topladı və Məsih adlanan İsanın qardaşını — Yaqubu onların önünə çıxardı» («Jewish Antiquities», XX, 200).

  • TALMUD

    Eramızın III—VI əsrlərini əhatə edən yəhudi ravvinlərinin əlyazmalar toplusu olan Talmud göstərir ki, hətta düşmənləri belə, İsanın mövcudluğunu qəbul edirdilər. Orada qeyd olunur ki, Pasxa günü «Nəsrani Yeşu [İsa] edam olundu». Bu da digər tarixi qaynaqlarla üst-üstə düşür. («Babylonian Talmud, Sanhedrin 43a, Munich Codex»; Yəhya 19:14—16 ayələrinə baxın.) Talmudun digər bir hissəsində isə deyilir: «Allah eləməsin ki, biz özünü cəmiyyət içində rüsvay edən Nəsrani [İsa belə tanınırdı] kimi övlad və ya şagird yetişdirək». («Babylonian Talmud, Berakoth 17b, footnote, Munich Codex»; Luka 18:37 ayəsinə baxın.)

MÜQƏDDƏS KİTABDAKI SÜBUTLAR

İncildə İsa Məsihin həyatı və ibadəti ətraflı şəkildə təsvir olunur, həmçinin orada insan, ərazi adları və zamanla bağlı xırda təfsilatlar yer alır. Bir şeyin tarixdə həqiqətən mövcud olduğunu sübut etmək üçün bu kimi təfsilatların olması mütləqdir. Məsələn, götürək Luka 3:1, 2 ayələrini. Bu ayələrin sayəsində xalqı İsa Məsihin gəlişinə hazırlayan Vəftizçi Yəhyanın Allahdan aldığı işin icrasına nə vaxt başladığını müəyyən edə bilirik.

«Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16)

Luka yazır: «Sezar Tiberinin hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudiyyə valisi, Hirod Cəlilənin, qardaşı Filip İtureya və Traxonitin, Lisani isə Abileniyanın hakimi olarkən, baş kahin Qayafanın və böyük kahin Hənnanın günlərində çöllükdə Zəkəriyyənin oğlu Yəhyaya Allahdan bir buyruq gəldi». Bu dəqiq təfsilatlar sayəsində müəyyən etmək olur ki, Allahdan Yəhyaya buyruq eramızın 29-cu ilində gəlib.

Bu ayələrdə adları çəkilən yeddi ictimai xadim tarixçilərə çox tanışdır. Ancaq bir vaxtlar bəzi tənqidçilər Ponti Pilatın və Lisaninin həqiqətən yaşadıqlarına şübhə etmişdilər. Amma nahaq yerə. Bir müddət sonra Lukanın yazdıqlarının dəqiq olduğunu sübut edən qədim daş kitabələr tapıldı. Həmin kitabələrdə bu iki məmurun adı var *.

BU, NƏ ÜÇÜN VACİBDİR?

İsa peyğəmbər insanlara bütün dünyanı idarə edəcək bir hökumət — Allahın Padşahlığı barədə danışırdı

İsa peyğəmbərin tarixi şəxsiyyət kimi mövcud olduğunu bilməyimiz vacib məsələdir, çünki onun dediyi kəlmələr böyük əhəmiyyət kəsb edir. Misal üçün, o, insanlara xoşbəxt olmağın sirrini açırdı *. Həmçinin o vəd etmişdi ki, vaxt gələcək, insanlar «Allahın Padşahlığı» adlanan hökumətin idarəçiliyi altında sözün əsl mənasında sülh və təhlükəsizlikdə yaşayacaqlar (Luka 4:43).

Bu hökumətin «Allahın Padşahlığı» adlanması münasibdir, çünki onun vasitəsilə Yer üzündə Allah hakimiyyət sürəcək (Vəhy 11:15). İsa peyğəmbər Allahın Padşahlığı ilə bağlı belə dua etmişdi: «[Allahımız],.. qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən... yerdə də yerinə yetsin» (Mətta 6:9, 10). Allahın hakimiyyəti bəşəriyyət üçün nələri həyata keçirəcək?

  • Döyüşləri, vətəndaş müharibələrini aradan qaldıracaq (Zəbur 46:8—11).

  • Tamahkarlığı, korrupsiya da daxil olmaqla, bütün pisliyi, o cümlədən Allahsız insanları əbədiyyən yox edəcək (Zəbur 37:10, 11).

  • Padşahlığın idarəsi altında yaşayan insanlar gördükləri işdən həzz alacaqlar (Əşiya 65:21, 22).

  • Hal-hazırda bərbad vəziyyətdə olan dünya tamamilə bərpa olunacaq və bol bəhrə verəcək (Zəbur 72:16; Əşiya 11:9).

Bəzi insanlar bu vədlərin xəyaldan başqa bir şey olmadığını düşünə bilər. Bəs fani insanın hər şeyi yoluna qoyacağına güvənmək xülya deyil? Axı təhsil, elm və texnologiya sahəsində böyük nailiyyətlərin əldə olunmasına baxmayaraq, milyonlarla insanın sabahkı günə ümidi yoxdur. Bundan əlavə, biz hər gün iqtisadi, siyasi, dini zəmində baş verən zülmün, o cümlədən acgözlüyün və rüşvətxorluğun şahidi oluruq. Bəli, reallıq ondan ibarətdir ki, insan hakimiyyəti uğursuzluğa düçardır (Vaiz 8:9).

Bir sözlə, İsa peyğəmbərin tarixi şəxsiyyət kimi mövcud olub-olmadığını bilməyimiz vacib məsələdir *. Çünki 2 Korinflilərə 1:19, 20 ayələrində yazılıb: «Allahın bütün vədləri onun [Məsihin] vasitəsilə “bəli” oldu».

^ abz. 23 Kitabənin üzərində «hakim Lisani» sözləri yazılıb (Luka 3:1). Luka bunu yazanda Lisani Abileniyanın hakimi idi.

^ abz. 25 İsa peyğəmbərin müdrik nəsihətlərinin bəzilərini Məttanın müjdəsinin 5-dən 7-yə qədər olan fəsillərində tapmaq olar. Bu hissə «Dağüstü vəz» kimi tanınır.

^ abz. 32 İsa peyğəmbər və onun hikmətli sözləri haqda ətraflı məlumat almaq üçün www.mt711.com/az-latn saytına daxil olun və MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə baxın.