Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitab həyatları dəyişir

Onlar bütün suallarıma Müqəddəs Kitabdan cavab verdilər!

Onlar bütün suallarıma Müqəddəs Kitabdan cavab verdilər!
  • ANADAN OLDUĞU İL: 1950

  • ÖLKƏ: İSPANİYA

  • KEŞMİŞDƏ: KATOLİK RAHİBƏ

KEŞMİŞİM.

Mən dünyaya gələndə valideynlərimin Qalisiyanın (şimal-qərbi İspaniyada vilayət) kəndində balaca bir ferması var idi. Səkkiz uşaqdan dördüncüsü idim. Ailəmiz çox mehriban və xoşbəxt idi. Həmin dövrdə İspaniyada ailədə, ən azı, bir uşağın seminariyaya və ya qadın monastırına getməsi adət idi. Bizim ailədə isə bu addımı üç nəfər atdı.

13 yaşım olanda mən Madriddəki qadın monastırına — böyük bacımın olduğu monastıra getdim. Oradakı ab-hava heç də ürəkaçan deyildi. Dostluq deyilən şey yox idi, ancaq qayda-qanunlar, dualar və zahid həyat tərzi. Səhərin gözü açılmamış hamımızı düşünmək üçün kiçik kilsəyə yığırdılar, halbuki çox vaxt beynimdə heç bir fikir olmurdu. Sonra biz dini mahnılar oxuyur, messa keçirirdik, özü də hamısı latınca olurdu. Demək olar ki, heç nə başa düşmürdüm, mənə elə gəlirdi ki, Allah məndən çox uzaqdır. Ömrümdən gedən günlər amansız sükut içində keçirdi. Hətta bacımla görüşəndə belə ancaq «Ave Mariya» deyə bilərdik. Rahibələr təkcə yeməkdən sonra, o da yalnız bir saat yarım, danışmağa icazə verirdilər. Buradakı həyatla evimizdəki xoşbəxt həyat arasında dağlar qədər fərq var idi. Özümü təcrid olunmuş hiss edirdim və tez-tez ağlayırdım.

Özümü heç vaxt Allaha yaxın hiss etməsəm də, 17 yaşımda rahibəlik andı içdim. Mən məndən gözlənildiyi üçün rahibə oldum, amma çox keçmədi ki, Allahın məni seçdiyinə ürəyimdə şübhələr yarandı. Rahibələr desələr də ki, bu cür şübhələri olanlar cəhənnəm odunda yanacaqlar, şübhələrim yenə də qalırdı. Mən bilirdim ki, İsa Məsih özünü başqalarından təcrid etmirdi; əksinə, o, fəal şəkildə insanlara təlim verməklə və kömək etməklə məşğul idi (Matta 4:23—25). 20 yaşıma çatanda rahibə olmaq üçün artıq heç bir səbəb görmürdüm. Bunu baş rahibəyə bildirdim. Baş rahibə deyəndə ki, bu cür şübhələrim varsa, monastırı tərk etməyim daha məsləhətdir, çox təəccübləndim. Mənə elə gəlir ki, o, başqa qızlara təsir edəcəyimdən qorxdu. Sonda monastırı tərk etdim.

Evə qayıdanda valideynlərim məni çox anlayışla qarşıladılar. Amma kəndimizdə iş tapılmadığından Almaniyaya, qardaşımın yanına köçdüm. O, ispan mühacirlərindən ibarət fəal kommunist dəstəsinə qoşulmuşdu. Fəhlələrin haqları və kişi-qadın bərabərliyi uğrunda mübarizə aparan bu insanların içində özümü çox rahat hiss edirdim. Buna görə kommunist oldum və qrupun üzvü olan bir insanla ailə qurdum. Kommunistlərin ədəbiyyatlarını paylayırdım və etiraz yürüşlərində iştirak edirdim. Düşünürdüm ki, faydalı işlə məşğulam.

Lakin kommunistlərin bəzən təbliğ etdikləri şeylərə uyğun yaşamadıqlarını görəndə yenidən məni məyusluq hissi bürüdü. 1971-ci ildə bu qrupun gənc üzvləri Frankfurtdakı İspaniya konsulluğunu yandıranda şübhələrim daha da artdı. Onlar bunu İspaniyadakı diktator rejimi altında baş verən haqsızlığa etiraz əlaməti olaraq etmişdilər. Mən isə düşünürdüm ki, bu, etiraz bildirməyin düzgün üsulu deyil.

Bizim ilk uşağımız dünyaya gələndə ərimə dedim ki, daha kommunistlərin toplantılarında iştirak etməyəcəyəm. Çox tənha idim, çünki köhnə kommunist yoldaşlarımdan heç biri mənə və təzə doğulan körpəmə baş çəkmirdi. «Həyatın məqsədi nədədir?» — deyə düşünürdüm. Fikirləşirdim: «Görəsən, cəmiyyəti düzəltmək üçün bu qədər əlləşib-vuruşmağın mənası var?»

MÜQƏDDƏS KİTAB HƏYATIMI NECƏ DƏYİŞDİ?

1976-cı ildə iki Yehovanın Şahidi qapımızı döyüb mənə ədəbiyyat təklif etdi, mən də götürdüm. Həmin adamlar ikinci dəfə gələndə onlara iztirablar, ayrı-seçkilik və haqsızlıqla bağlı çoxlu suallar verdim. Suallarımın hamısına Müqəddəs Kitabdan cavab verdiklərini görəndə çox təəccübləndim. Buna görə də böyük məmnuniyyətlə Müqəddəs Kitabı öyrənməyə razılıq verdim.

Əvvəl-əvvəl məni yalnız faktlar maraqlandırırdı. Amma Yehovanın Şahidlərinin Padşahlıq zalında keçirilən görüşlərində iştirak etməyə başlayanda hər şey dəyişdi. Artıq o vaxt bizim iki oğlumuz vardı. Şahidlər bizi öz maşınları ilə yığıncağa aparırdılar və görüş zamanı uşaqlarımıza baxmağa kömək edirdilər. Yehovanın Şahidi olan bu insanlar çox ürəyimə yatmışdı.

Amma məndə hələ də dini məsələlərlə bağlı bəzi şübhələr var idi. Qohumlarıma dəymək üçün bir gün İspaniyaya getdim. Keşiş olan əmim məni Müqəddəs Kitabı öyrənmək fikrimdən daşındırmağa çalışdı. Amma oradakı Şahidlərin mənə çox köməyi dəydi. Almaniyadakılar kimi, onlar da mənim bütün suallarıma Müqəddəs Kitabdan cavab verdi. Almaniyaya qayıdanda yenidən Müqəddəs Kitabı öyrənməyə başladım. Lakin ərim daha Müqəddəs Kitabı öyrənmək istəmədi. 1978-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundum.

MƏNƏ FAYDASI.

Müqəddəs Kitabdan yiyələndiyim dəqiq bilik sayəsində mən həyatın əsil mənasını tapdım və düzgün rəhbərlik əldə etdim. Məsələn, Allahın Kəlamında ərli qadınlara ərlərinə dərin hörmətlə tabe olmaq və «Allahın gözündə çox qiymətli olan sakit və həlim» ovqat təzahür etdirmək buyrulur (1 Peter 3:1—4). Bu kimi prinsiplər mənə bir həyat yoldaşı və ana kimi vəzifəmi daha yaxşı icra etməyə kömək edir.

Yehovanın Şahidi olduğum gündən artıq 35 il keçib. Allahı sevən insanlarla birgə Allaha xidmət etməkdən böyük sevinc duyuram və mən çox şadam ki, beş uşağımdan dördü bu yoldadır.