Kontentə keç

Mündəricatı göstər

ON BİRİNCİ FƏSİL

O, gözdə-qulaqda idi

O, gözdə-qulaqda idi

1, 2. a) İlyas peyğəmbər hansı tapşırığı yerinə yetirməlidir? b) İlyas peyğəmbər Əhəbdən nə ilə fərqlənir?

İLYAS PEYĞƏMBƏR Karmel dağının təpəsinə çıxıb təklikdə Yehova Allaha dua etmək istəyir. Amma onun yan-yörəsində çoxlu adam var. Onların əksəriyyəti yaltaqlanıb peyğəmbərin gözünə girməyə çalışır. Çünki bir az əvvəl onun diləyilə göydən od gəldiyinin şahidi olublar. Lakin dağa qalxmazdan əvvəl peyğəmbər heç də ürəyincə olmayan bir işi görməlidir — Əhəb padşahla danışmalıdır.

2 İlyas peyğəmbərlə Əhəb bir-birindən yerlə göy qədər fərqlənir. Dəbdəbəli padşah qiyafəsində olan Əhəb tamahkar, zəif iradəli insandır, o, Yehova Allahın yolundan dönüb. Sadə peyğəmbər paltarı (ya heyvan dərisindən, ya dəvə yunundan, ya da keçi qılından idi) geymiş İlyas peyğəmbər isə Allaha sadiq, çox cəsur və imanlı insandır. Bitmək üzrə olan bu gün onlar arasındakı fərqi aydın üzə çıxardı.

3, 4. a) Əhəb və Baala qulluq edənlər necə rüsvay oldular? b) Bu fəsildə hansı suallara cavab tapacağıq?

3 Bu gün Əhəb və Baala qulluq edənlər rüsvay oldular. Padşah Əhəblə məlikə İzəbilin İsrailin onqəbiləli padşahlığında yaydığı bütpərəst din ağır məğlubiyyətə uğradı. Baalın saxta allah olduğu üzə çıxdı. Kahinləri çığıra-çığıra ona yalvardılar, atılıb-düşdülər, bədənlərini yaralayıb qanlarını tökdülər. Amma bu boyda şeyin qabağında Baal adi od nədir ki, onu da göndərə bilmədi. Həmçinin dörd yüz əlli nəfər peyğəmbəri layiqli cəzasını alanda onları hifz edə bilmədi. Baal bir şeyin də qarşısında aciz idi və onun bu acizliyi tezliklə tam sübuta yetiriləcək. Üç ildən artıq idi ki, peyğəmbərləri yalvarıb ondan ölkəni bərbad hala salan quraqlığa son qoymağı diləyirdilər. Amma Baal heç nə edə bilmirdi. Tezliklə Yehova Allah quraqlığa son qoyub Baaldan üstün olduğunu sübut edəcək (1 Pad. 16:30—17:1; 18:1—40).

4 Yehova Allah bunu nə vaxt edəcək? İlyas peyğəmbər bu vaxt çatana qədər nə edir? Bu mömin insandan biz nə öyrənirik? Gəlin bu suallara cavab tapaq. (1 Padşahlar 18:41—46 ayələrini oxu.)

İlyas peyğəmbər dua edir

5. İlyas peyğəmbər Əhəbə nə deyir və gün ərzində baş verənlərdən Əhəb nə isə öyrəndimi?

5 İlyas peyğəmbər Əhəbə deyir: «Dur, ye-iç. Çünki leysan səsi gəlir!» Görəsən, bu bədxah padşah həmin gün baş verənlərdən nə isə öyrəndi? Müqəddəs Kitabda bu haqda konkret heç nə deyilmir. Həmçinin orada onun tövbə etdiyinə, Allahdan əfv diləmək üçün peyğəmbərdən kömək istədiyinə işarə edən bir kəlmə belə, yazılmayıb. Sadəcə yazılıb ki, «Əhəb yeyib-içməyə getdi» (1 Pad. 18:41, 42). Bəs İlyas peyğəmbər nə etdi?

6, 7. İlyas peyğəmbər nə haqda və nəyə görə dua etdi?

6 «İlyas isə Karmel dağının başına çıxıb diz çökdü, əyilib üzünü dizləri arasına qoydu». Əhəb qarnını doydurmağa gedəndə İlyas peyğəmbər Yaradanına dua edirdi. Peyğəmbər diz çöküb başını o qədər aşağı əymişdi ki, üzü az qalırdı dizlərinə dəysin. Bu duruşla o, özünü Allahın qarşısında aşağı tutduğunu göstərirdi. Görəsən, bu mömin adam nə haqda dua edirdi? Yaqub 5:18 ayəsindən görünür ki, peyğəmbər Allahdan yağış diləyirdi. Ehtimal ki, o, bu duanı Karmel dağının təpəsində etmişdi.

İlyas peyğəmbər Allahın iradəsinin həyata keçməsini çox istəyirdi və bunun üçün dua edirdi

7 Yehova Allah demişdi: «Mən yerə yağış yağdıracağam» (1 Pad. 18:1). Buna görə də İlyas peyğəmbər dua edirdi ki, Allah Öz vədini yerinə yetirib yağış yağdırsın. Haradasa min il sonra İsa peyğəmbər də öz davamçılarına Allahın iradəsinin yerinə yetməsi barədə dua etməyi buyurmuşdu (Mət. 6:9, 10).

8. İlyas peyğəmbərdən dua ilə bağlı nə öyrənirik?

8 İlyas peyğəmbərdən dua ilə bağlı çox şey öyrənirik. Onun üçün ən vacibi Yehova Allahın iradəsinin yerinə yetməsi idi. Dua edərkən yadda saxlamalıyıq ki, Allahın «iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəh. 5:14). Buna görə də dualarımızın Allaha məqbul olması üçün Onun iradəsinin nədən ibarət olduğunu bilməliyik. Bunun üçün hər gün Müqəddəs Kitabı oxumalıyıq. Sözsüz ki, İlyas peyğəmbərin soydaşlarına da yazığı gəlirdi, onları acınacaqlı vəziyyətə salan quraqlığın bitməsini arzulayırdı. Şübhəsiz, Yehova Allahın möcüzəsini görəndə onun ürəyi minnətdarlıqla dolub-daşmışdı. Biz də başqalarının rifahı üçün dua etməli və Allaha şükür etməliyik. (2 Korinflilərə 1:11; Filippililərə 4:6 ayələrini oxu.)

O, Allahın vədinə inanırdı və gözdə-qulaqda idi

9. a) İlyas peyğəmbər nökərinə nə tapşırdı? b) İlyas peyğəmbərdən nə öyrənirik?

9 İlyas peyğəmbər əmin idi ki, Yehova Allah yağış yağdıracaq, amma nə vaxt yağdıracaq, bilmirdi. O, yağışı gözlədiyi müddətdə nə etdi? Müqəddəs Kitabda yazılıb ki, o, öz nökərinə deyir: «Qalx, dəniz tərəfə bax». Nökər gedib baxır və gəlib «heç nə yoxdur» deyir. Peyğəmbər yeddi dəfə ona «get bax» deyir (1 Pad. 18:43). İlyas peyğəmbərdən ən azı iki şey öyrənirik. Birincisi, o, Yehova Allahın vədinə inanırdı. İkincisi, gözdə-qulaqda idi.

İlyas peyğəmbər hər an yağışdan əlamət gözləyirdi

10, 11. a) İlyas peyğəmbər Yehova Allahın vədinə inandığını necə göstərdi? b) Nəyə əsasən biz də Allahın vədinə inana bilərik?

10 İlyas peyğəmbər Yehova Allahın vədinə inandığı üçün hər an yağışdan əlamət gözləyirdi. O, nökərini hündür bir yerə göndərdi ki, oradan üfüqə baxıb görsün, yağışdan bir əlamət var, ya yox. Nökər ürəkaçan xəbər gətirmədi, o dedi ki, «heç nə yoxdur». Üfüqdə heç nə görünmürdü, səma aydın, buludsuz idi. Bu, bizə bir qədər qəribə gələ bilər, çünki İlyas peyğəmbər Əhəb padşaha demişdi ki, «leysan səsi gəlir». O, niyə belə demişdi, axı göydə bir dənə də olsun bulud yox idi?

11 Yehova Allah İlyas peyğəmbərə yağış yağacağını vəd etmişdi. Allahın peyğəmbəri və elçisi olduğu üçün o əmin idi ki, Allah vədini gerçəkləşdirəcək. Peyğəmbər Allaha o dərəcədə inanırdı ki, sanki, yağışın səsini eşidirdi. Bu, bizə Müqəddəs Kitabda Musa peyğəmbər barədə yazılan növbəti sözləri xatırladır: «Gözəgörünməzi görürmüş kimi mətin idi». Bəs bizim üçün də Allah bu qədər gerçəkdir? Allaha və Onun vədlərinə belə iman gətirməyə bizim çoxlu səbəbimiz var (İbr. 11:1, 27).

12. a) İlyas peyğəmbərin gözdə-qulaqda olduğu nədən görünür? b) Nökər üfüqdə balaca buludun göründüyünü xəbər verəndə peyğəmbər nə etdi?

12 İlyas peyğəmbər həmçinin gözdə-qulaqda idi. O, nökərini bir dəfə yox, iki dəfə yox, düz yeddi dəfə geri yolladı. Yəqin gedib-gəlməkdən nökər lap əldən düşmüşdü, amma İlyas peyğəmbər ruhdan düşmürdü, o, əlamət gözləyirdi. Nəhayət, yeddinci dəfə nökər gəlib dedi: «Dənizdən əl boyda bulud qalxır». Təsəvvür edin: nökər əlini açıb dəniz tərəfdən gələn kiçik buludu təsvir edir. Ola bilsin, nökər üçün bu kiçik bulud elə də əhəmiyyət daşımırdı. İlyas peyğəmbər üçünsə böyük məna daşıyırdı. O, tez nökərinə buyurdu: «Dur, get Əhəbə de: “Arabanı hazırla. Aşağı en ki, leysana düşməyəsən”» (1 Pad. 18:44).

13, 14. a) İlyas peyğəmbəri nədə təqlid edə bilərik? b) Nəyə görə bu gün yubanmadan addım atmalıyıq?

13 İlyas peyğəmbər bizim üçün gözəl nümunə qoyub. Biz də Allahın vədinin gerçəkləşəcəyi vaxtın astanasında yaşayırıq. O, quraqlığın bitməsini gözləyirdi, biz isə bu pozğun dünya düzəninin sonunu gözləyirik (1 Yəh. 2:17). O gün gələnədək İlyas peyğəmbər kimi ayıq-sayıq qalmalıyıq. İsa Məsih davamçılarına buyurmuşdu: «Buna görə də oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz» (Mət. 24:42). O, nə demək istəyirdi, demək istəyirdi ki, davamçıları sonun yaxınlaşdığından bixəbər olacaqlar? Xeyr, bunu demək istəmirdi. Çünki o, sona yaxın dünyada hansı hadisələrin cərəyan edəcəyini xəbər vermişdi. Bu gün hər birimiz «dövrün yekununun» əlaməti olan hadisələri öz gözlərimizlə görürük. (Mətta 24:3—7 ayələrini oxu.)

Kiçik bir bulud kifayət idi ki, İlyas peyğəmbər Yehova Allahın vədini yerinə yetirəcəyinə əmin olsun. Axırzamanda yaşadığımızı sübut edən hadisələr yubanmadan addım atmağımız üçün tutarlı səbəbdir

14 Bu hadisələr axırzamanda yaşadığımıza tutarlı sübutdur. Məgər bu sübutlar Allaha xidmətdə yubanmadan addım atmağımız üçün kifayət deyil? Üfüqdə görünən kiçik bir bulud kifayət idi ki, İlyas peyğəmbər Yehova Allahın vədini yerinə yetirəcəyinə əmin olsun. Bəs onun ümidləri doğruldumu?

Məmnunluq və nemətlər

15, 16. Bir-birinin dalınca hansı hadisələr baş verdi və İlyas peyğəmbər Əhəbdən nə gözləyirdi?

15 Müqəddəs Kitabda yazılıb: «Bu vaxt göyün üzünü qara buludlar aldı, külək əsdi, şiddətli leysan başladı. Əhəb arabasını sürüb Yizrailə üz tutdu» (1 Pad. 18:45). Bu hadisələr çox qısa müddətdə baş verdi. Peyğəmbərin nökəri Əhəbə xəbəri çatdırdığı vaxt həmin o kiçik buluddan topa-topa qara buludlar əmələ gəlib bütün göy üzünü tutdu. Güclü külək qalxdı. Üç il yarımdan sonra, nəhayət, İsrail torpağına yağış yağdı. Susuzluqdan cadar-cadar olmuş torpaq suyu acgözlüklə canına çəkirdi. Yağış get-gedə şiddətləndi. Qişon çayının suyu məcrasından çıxıb Baal peyğəmbərlərinin qanını yuyub apardı. İndi dikbaş, asi israillilər İsrail torpağından Baala ibadətin kökünü kəsməli, ölkəni bu çirkabdan təmizləməli idilər.

«Şiddətli leysan başladı»

16 İlyas peyğəmbər ümidvar idi ki, xalq bunu edəcək. Yəqin o, baş verən hadisələrin Əhəbə necə təsir edəcəyini düşünürdü: görəsən, Əhəb tövbə edib Baala ibadətdən əl çəkəcək? Əslində, həmin gün baş verənləri görüb bunu etməli idi. Biz bilmirik, Əhəb nə fikirləşirdi. Müqəddəs Kitabda sadəcə yazılıb ki, «Əhəb arabasını sürüb Yizrailə üz tutdu». Görəsən, o, özünə dərs götürdü? Pis yolundan döndü? Sonrakı hadisələr göstərir ki, yox. Amma gün hələ bitməmişdi, İlyas peyğəmbərlə Əhəb padşahı irəlidə daha bir şey gözləyirdi.

17, 18. a) İlyas peyğəmbər Yizrailə gedəndə yolda nə baş verdi? b) Peyğəmbərin Karmeldən Yizrailə qaça-qaça getməsində qeyri-adi olan nədir? (Həmçinin haşiyəyə bax.)

17 İlyas peyğəmbər Əhəb padşahın getdiyi yolla Yizrailə üz tutdu. O, qaranlıq, palçıqlı yolla çox uzaq məsafəni qət etməli idi. Amma yolda qeyri-adi bir şey baş verdi.

18 «Yehovanın əli İlyasın üstünə endi. O, paltarının ətəklərini belinə dolayıb Yizrailə qədər Əhəbin qabağınca qaçdı» (1 Pad. 18:46). Yehova Allah möcüzəvi şəkildə İlyasa güc verdi. Karmeldən Yizrailə 30 kilometr yol idi. Üstəlik, peyğəmbər də cavan deyildi *. Təsəvvür edin: İlyas peyğəmbər paltarının ətəklərini yığıb belinə dolayır ki, rahat qaçsın. O, lilli, palçıqlı yolla elə sürətlə qaçır ki, gəlib padşahın arabasına çatır, hələ arabanı da ötüb keçir.

19. a) Allahın İlyas peyğəmbərə güc-qüvvət verməsi hansı peyğəmbərlikləri yadımıza salır? b) Yizrailə gedəndə peyğəmbərdə hansı əminlik var idi?

19 Bu, Allahın İlyas üçün etdiyi möcüzə idi. Ola bilsin, peyğəmbər heç cavanlığında da özünü bu qədər güclü, gümrah hiss eləməmişdi, bu qədər dözümlü olmamışdı. Yəqin o, qeyri-adi hisslər keçirirdi. Bu hadisəni oxuyanda Cənnətdə saleh insanların tam sağlam və gümrah olacağına zəmanət verən peyğəmbərliklər yadımıza düşür. (Əşiya 35:6 ayəsini oxu; Luka 23:43.) Palçıqlı yolla Yizrailə qaçan peyğəmbərin daxilində, sözsüz ki, əminlik var idi. O əmin idi ki, var olan Allah Yehova ondan razıdır!

20. Yehova Allahdan nemət almaq istəyiriksə, nə etməliyik?

20 Yehova Allah çox istəyir ki, bizə nemətlər versin. Gəlin bu nemətləri almaq üçün əlimizdən gələni edək. İlyas peyğəmbər kimi ayıq-sayıq olaq, bu ağır zəmanədə Yehova Allahın hərəkətə keçmək üzrə olduğunu göstərən sübutları diqqətlə izləyək. İlyas peyğəmbər kimi biz də əmin ola bilərik ki, haqq Allahı Yehovanın verdiyi bütün vədlər gerçəkləşəcək (Zəb. 31:5).

^ abz. 18 Bu hadisədən qısa müddət sonra Yehova Allah İlyas peyğəmbərə Əlyəsəni öz xələfi kimi hazırlamağı buyurur. Müqəddəs Kitabda yazılıb ki, sonralar Əlyəsə «İlyasın əlinə su tökərdi» (2 Pad. 3:11). Görünür, Əlyəsə bu ahıl kişiyə baxırdı, onun qulluğunda dururdu.