Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Yehovanın mərhəmətli və bağışlayan olduğunu öyrəndim»

«Yehovanın mərhəmətli və bağışlayan olduğunu öyrəndim»
  • DOĞULDUĞU İL: 1954

  • ÖLKƏ: KANADA

  • KEÇMİŞDƏ: FIRILDAQÇI VƏ QUMARBAZ

KEÇMİŞİM.

Mən Monreal şəhərinin kasıb bir ərazisində böyümüşəm. Cəmi altı aylıq ikən atam vəfat etdi. Bütün yük anamın üstündə qaldı. Ailənin sonuncu, səkkizinci uşağı idim.

Böyüdükcə narkotik çəkir, qumar oynayır, zorakılıq edir və cinayətkarlarla oturub-dururdum. On yaşımda fahişələrə və sələmçilərə xəbər aparıb-gətirirdim. Tez-tez yalan danışır və hər fürsətdə insanlara kələk gəlirdim. Mən bundan ləzzət alırdım, bu, mənimçün nəşə kimi idi.

14 yaşımda artıq mahir fırıldaqçı idim. Məsələn, qızıl örtüklü saatları, bilərzikləri və üzükləri alıb, üzərinə 14 karatlıq olduğunu bildirən əyar damğası vururdum, sonra isə küçələrdə, ticarət mərkəzlərinin dayanacaqlarında qızıl adı ilə satırdım. Asan yolla pul qazanmaq xoşuma gəlirdi. Bir dəfə bir günə 10 000 dollar qazanmışdım!

15 yaşım olanda məni internatdan qovdular, qalmağa yerim yox idi. Küçələrdə, parklarda, ya da tanışlarımın evində qalırdım.

Fırıldaqçılıq etdiyim üçün polislər tərəfindən tez-tez sorğu-sual olunurdum. Ancaq oğurluq mal satmadığım üçün heç vaxt həbsə düşmürdüm. Bununla belə, fırıldaqçılıq, saxtakarlıq və qanunsuz satış etdiyim üçün dəfələrlə böyük cərimələr ödəmişəm. Heç kəsdən qorxmadığımdan, hətta sələmçilər üçün pul yığırdım. Bu təhlükəli idi, ona görə də hərdən yanımda silah gəzdirirdim. Bəzi məsələlərdə cinayətkar dəstə ilə əlbir olurdum.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Müqəddəs Kitabla ilk dəfə 17 yaşımda tanış oldum. Mən sevgilimlə birlikdə yaşayırdım. O, Yehovanın Şahidləri ilə birlikdə Müqəddəs Kitab dərsinə başladı. Müqəddəs Kitabdakı əxlaq qaydaları ilə razılaşmadığım üçün sevgilimdən ayrıldım. Görüşdüyüm başqa qızla yaşamağa başladım.

Görüşdüyüm ikinci qız da Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsinə başlayanda bu mənim üçün dönüş nöqtəsi oldu! O, həyatında dəyişikliklər etməyə başladı, getdikcə daha mülayim və səbirli oldu. Bu məni təəccübləndirdi. Buna görə də Yehovanın Şahidlərinin ibadət görüşünə getməyə razılaşdım. Buradakı insanlar hörmətcil və mülayim idi. Mənim bildiyim dünyanın tam əksi! Mən ailə sevgisi görməmişdim; uşaqlığımdan bəri şəfqət və sevgidən məhrum qalmışdım. Yehovanın Şahidləri arasında gördüyüm səmimi münasibətin hər zaman həsrətində idim. Şahidlər mənə Müqəddəs Kitab dərsi təklif edəndə mən məmnuniyyətlə qəbul etdim.

Müqəddəs Kitabı öyrənməyin sayəsində, demək olar ki, həyatım xilas oldu. İki tərəf müqabilimlə birgə böyük oğurluq planlaşdırmışdıq. Bunun sayəsində 50 000 dollardan çox qumar borcumu ödəyə biləcəkdim. Amma yaxşı ki, bu fikrimdən daşındım! Tərəf müqabillərim isə oğurluğa getdilər. Onlardan biri həbs olundu, digəri isə öldürüldü.

Müqəddəs Kitabı öyrəndiyim müddətdə həyatımda çoxlu dəyişikliklər etməli olduğumu anladım. Məsələn, 1 Korinflilərə 6:10 ayəsindən öyrəndim ki, «nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər». Bu ayəni oxuyanda vəziyyətimin nə qədər acınacaqlı olduğunu anlayıb hönkürtü ilə ağladım. Başa düşdüm ki, həyatımı kökündən dəyişməliyəm (Romalılara 12:2). Mən zorakı və qəzəbli insan idim, həyatım yalan üzərində qurulmuşdu.

Həmçinin Müqəddəs Kitabdan Yehovanın mərhəmətli və bağışlayan olduğunu öyrəndim (Əşiya 1:18). Yehovaya ürəkdən dua etdim, yalvarıb xahiş etdim ki, əvvəlki həyat tərzindən tamamilə qurtulmağıma kömək etsin. Onun köməyi ilə yavaş-yavaş dəyişməyə başladım. Ən böyük addımı isə birgə yaşadığım sevgilimlə rəsmi nikaha girməklə atdım.

Müqəddəs Kitab prinsiplərinə əməl etməyin sayəsində indi həyatdayam

24 yaşımda evli və üç uşaq atası idim. Artıq özümə qanuni bir iş tapmalı idim. Di gəl, nə təhsilim var idi, nə də kimsə məni işə düzəldirdi. Yehovaya yenidən yalvarıb dua etdim. Sonra iş axtarmağa başladım. İşçi axtaranlara həyatımı dəyişmək və dürüst işçi olmaq istədiyimi deyirdim. Hətta bəzən onlara Müqəddəs Kitabı öyrəndiyimi və daha yaxşı vətəndaş olmaq istədiyimi deyirdim. Çoxu mənə iş vermək istəmədi. Nəhayət, bir iş müsahibəsi zamanı keçmiş həyatımı açıq şəkildə bölüşəndə müsahibəçi mənə dedi: «Açığı bilmirəm niyə, amma mənə elə gəlir ki, səni işə götürməliyəm». Əminəm ki, bu, dualarımın cavabı idi. Bir müddətdən sonra həyat yoldaşımla birgə vəftiz olunub, Yehovanın Şahidi olduq.

MƏNƏ FAYDASI.

Müqəddəs Kitab prinsiplərinə əməl etməyin və məsihi yoluna qədəm qoymağın sayəsində indi həyatdayam. Gözəl ailəm var. Yehovanın məni bağışladığına əminəm, vicdanım təmizdir.

Artıq 14 ildir ki, tamvaxtlı xidmət edirəm, insanlara Müqəddəs Kitabı öyrənməyə kömək edirəm. Bu yaxınlarda həyat yoldaşım da tamvaxtlı xidmətdə mənə qoşulub. Son 30 il ərzində 22 iş yoldaşıma Yehovaya ibadət etməyə kömək etmişəm. Ticarət mərkəzlərinə hələ də gedirəm, amma əvvəllər olduğu kimi insanlara kələk gəlmək üçün yox, əqidəmi başqaları ilə bölüşmək üçün. İndi mən onlarla bir şeyi bölüşmək istəyirəm: fırıldaqçıların olmayacağı yeni bir dünyada gözəl həyat ümidini (Zəbur 37:10, 11).