Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | ƏYYUB

«Son nəfəsimədək sadiq qalacağam!»

«Son nəfəsimədək sadiq qalacağam!»

 Bədəni təpədən-dırnağa ağrılı çibanlarla doludur. Yerdə tək-tənha, boynu bükük oturub. Ətrafında vızıldayan milçəkləri qovmağa taqəti belə yoxdur. Dərin hüzn ifadəsi olaraq kül içində oturub, saxsı parçası ilə yaralarını qaşıyır. Hər şeyini itirib, haradan-hara gəlib! Dost-tanış, qonum-qonşu ondan üz döndərib. Hamı, hətta balaca uşaqlar da onu ələ salır. Yehovanın da ona qarşı rəhmsiz olduğunu düşünür. Lakin bu belə deyil (Əyyub 2:8; 19:18, 22).

 Söhbət Əyyub peyğəmbərdən gedir. Allah onun barəsində demişdi: «Dünyada onun kimi... adam yoxdur» (Əyyub 1:8). Yehova hətta əsrlər sonra da Əyyubu dünyada yaşamış ən saleh insanlardan biri hesab edirdi (Hizqiyal 14:14, 20).

 Siz də dərd-bəla içindəsiniz? Əyyub peyğəmbərin hekayəsi sizə böyük təskinlik verə bilər. Həmçinin Allahın hər bir xidmətçisinə lazım olan xüsusiyyətin — sədaqətin nə demək olduğunu daha yaxşı anlamağa kömək edə bilər. Sədaqətli insan həyatda yaşadığı ağrı-acıya baxmayaraq, Allaha tam vəfa göstərən, kamilliyini, salehliyini qoruyub-saxlayan insandır. Görək Əyyubdan nə öyrənirik.

Əyyub nədən bixəbər idi?

 Görünür, Əyyub peyğəmbərin ölümündən bir müddət sonra Musa peyğəmbər onun həyat hekayəsini qələmə almışdı. Allahdan ilham alaraq Musa peyğəmbər yalnız Əyyubla bağlı yer üzündə olan hadisələri yox, həmçinin göydə baş verən bəzi hadisələri də açıqlamışdı.

 Kitabın əvvəlində Əyyubun xoşbəxt, şad-xürrəm ömür sürdüyü barədə oxuyuruq. O, Ərəbistanın şimalında yerləşdiyi ehtimal olunan Uz diyarında yaşayırdı. Varlı-hallı, tanınmış, hörmətli adam idi. Kasıblara əl, tutur, yetim-yesirə, dullara arxa dururdu. Allah Əyyubla arvadına on övlad nəsib etmişdi. Ən önəmlisi isə, o, Yehova ilə münasibətlərini dəyərləndirirdi. O, uzaq qohumu olan İbrahim, İshaq, Yaqub və Yusif kimi, bacardığı qədər Allahı razı salmağa çalışırdı. Onlar kimi, Əyyub da ailəsinin kahini olaraq, övladları adından həmişə Allaha qurban gətirirdi (Əyyub 1:1—5; 31:16—22).

 Əyyubun həyatı ilə bağlı hekayədə qəfil səhnə dəyişir. Birdən göydə baş verən hadisələr təsvir olunur. Biz Əyyubun xəbəri olmadığı şeyləri öyrənirik. Allahın sadiq mələkləri Onun hüzurunda toplaşıb. Bu dəm üsyankar mələk Şeytan gəlir. Yehova bilirdi ki, onun Əyyubu görəsi gözü yoxdur. Odur ki, Əyyubun salehliyi barədə danışır. Bu zaman Şeytan cürətlə deyir: «Məgər Əyyub Allahdan elə-belə qorxur? Canını, evini, mal-mülkünü qoruyan Sən deyilsən?» Şeytan saleh insanlara nifrət edir. Çünki onlar Yehovaya tam sədaqət göstərməklə Şeytanın sevgidən bixəbər bir xain olduğunu üzə çıxarırlar. Buna görə də Şeytan Əyyubun Yehovaya öz mənfəəti üçün xidmət etdiyini söyləyir və iddia edir ki, Əyyub hər şeyini itirsə, düz Yehovanın üzünə lənət oxuyar (Əyyub 1:6—11).

 Əyyubun xəbəri də yox idi ki, Yehova ona böyük bir şərəf nəsib edib: O, Şeytanın haqsızlığını üzə çıxara bilər. Şeytana Əyyubu hər şeydən məhrum etmək ixtiyarı verilir. O, bircə Əyyuba xətər yetirməməli idi. Beləcə, Şeytan öz qəddar işinə başlayır. Bircə günün içində Əyyubun başına ard-arda bəlalar gəlir. Nökərləri bir-bir gəlib, onun bütün mal-qarasını itirdiyini deyir. Bir nökər deyir ki, öküzləri və ulaqları oğurlanıb, ardınca digəri qoyunların məhv olduğunu, bir başqası isə dəvələrin oğurlandığını söyləyir. Ən dəhşətlisi isə Əyyubun sürülərini otaran nökərlərin qətlə yetirilməsi idi. Qoyunlar və çobanlarla bağlı xəbər çatdıran nökər Allahın göydən od (ehtimal ki, şimşək) yağdırdığını deyir. Nökərlərinin tələfatı, var-dövlətini itirdiyi barədə xəbərlərin sarsıntısından ayılmamış, Əyyuba daha betər xəbər gətirirlər. Əyyubun böyük oğlunun evində yığışan on övladı tufan nəticəsində dağılan evin altında qalıb tələf olur! (Əyyub 1:12—19).

 Əyyubun nələr çəkdiyini təsəvvür etmək çətindir, hətta mümkünsüzdür. O, yaxasını cırır, saçını qırxır, yerə döşənir. Əyyub belə qənaətə gəlir ki, verən də Allahdır, alan da. Şeytan ustalıqla hər şeyi elə təşkil etmişdi ki, Əyyub başına gələn bəlaları Allahdan bilir. Bununla belə, o, Allaha lənət eləmir və beləcə, Şeytanın arzusunu ürəyində qoyur. Hətta deyir: «Yehovanın adına alqış olsun» (Əyyub 1:20—22).

Əyyub peyğəmbərin xəbəri yox idi ki, Şeytan Allahın qarşısında ona şər atıb

«O, düz Sənin üzünə lənət edəcək»

 Qəzəbdən alışıb-yanan Şeytan təslim olmaq istəmir. Mələklər Allahın hüzuruna toplaşanda o yenə gəlir. Yehova Şeytanın bütün hücumları qarşısında kamilliyini qoruyan Əyyubu yenə tərifləyir. Şeytan acıqla dillənir: «Dəri əvəzinə dəri! İnsan canından ötrü hər şeyini verər. Əlini uzadıb onun ətinə, sümüyünə toxun, o, düz Sənin üzünə lənət edəcək». Şeytan əmindir ki, Əyyub ciddi xəstəliyə tutulsa, Allaha lənət edəcək. Əyyubdan tam arxayın olan Yehova Şeytana onun canına xəstəlik salmaq ixtiyarı verir. Bircə canına dəyməyi qadağan edir (Əyyub 2:1—6).

 Çox keçməmiş Əyyub əvvəldə bəhs etdiyimiz hala düşür. Onun biçarə arvadını bir təsəvvür edin. On övladının yası bir yandan, indi də durub kənardan zülüm çəkən ərinin halına yanır və heç bir kömək edə bilmir! O, fəğan içində deyir: «Sən hələ də kamil qalmaq istəyirsən? Lənət et Allaha, öl qurtar!» O, sanki Əyyubun tanıdığı, sevdiyi həmin qadın deyildi. Əyyub ona sadəcə, «lap səfeh qadınlar kimi danışırsan» deyir və Allahına lənət etməkdən imtina edir. Əyyubun dilindən ona günah qazandıracaq bir kəlmə də çıxmır (Əyyub 2:7—10).

 Bilirsiniz ki, bu hüznlü, gerçək əhvalatın şəxsən sizə də aidiyyəti var? Diqqət yetirək ki, Şeytan zəhərli, acıqlı ittihamını yalnız Əyyuba yox, bütün bəşəriyyətə ünvanlamışdı. O demişdi: «İnsan canından ötrü hər şeyini verər». Başqa sözlə, Şeytan hesab edir ki, heç bir insan Allaha tam sadiq qalmaq iqtidarında deyil! O iddia edir ki, siz Allahı həqiqətən sevmirsiniz, canınızdan ötrü Allahdan düşünmədən üz döndərərsiniz. Bir sözlə o, sizin də onun kimi xudbin olduğunuzu deyir. Onun haqsız danışdığını sübut etmək istəyərdiniz? Hər birimizin belə bir imkanı var (Məsəllər 27:11). Amma Əyyub peyğəmbərin sınaqları burada bitmir. Gəlin görək onun başına daha nələr gəlir.

Üç saxta dost

 Müqəddəs Kitabda Əyyubun yoldaşları kimi təsvir olunan üç kişi onun başına gələn bəlaları eşidən kimi təsəlli vermək üçün yola düşür. Onlar Əyyubu uzaqdan görəndə tanıya bilmirlər. Ağrıdan qıvrılan peyğəmbərin dərisi xəstəlikdən qapqara qaralmışdı, əvvəlki Əyyubdan əsər-əlamət qalmamışdı. Bu üç nəfər — Əlifəz, Bildad və Söfər özlərini kədərli göstərib, hönkür-hönkür ağlayır, torpaq götürüb başlarına tökürlər. Onlar bir kəlmə belə demədən Əyyubun yanında əyləşirlər. Yeddi gün, yeddi gecə ağızlarını açıb bir söz demirlər. Onların susmağını təsəlli adlandırmaq olmaz, çünki Əyyubun vəziyyəti ilə maraqlanmaq üçün sual da vermirlər. Bildikləri yeganə şey Əyyubun kənardan aydın görünən vəziyyəti idi — o əzab çəkirdi (Əyyub 2:11—13; 30:30).

 Nəhayət, Əyyub özü söhbəti açmalı olur. O, doğulduğu günə lənət yağdıraraq əzabının nə qədər dərin olduğunu bildirir və iztirablarının əsas səbəbini açıqlayır. Əyyub elə bilir ki, başına gələn bütün bəlalar Allahdandır (Əyyub 3:1, 2, 23). Lakin Allaha imanını itirməmişdi, o, sadəcə təsəlliyə ehtiyac duyurdu. Nəhayət, üç yoldaşı danışmağa başlayanda Əyyub görür ki, onların susmağı daha yaxşı idi (Əyyub 13:5).

 Əvvəlcə ehtimal ki, bu üç nəfərdən ən böyüyü, Əyyubdan da xeyli böyük olan Əlifəz sözə başlayır. Sonra o biri iki nəfər də dillənir. Onlar səfehcəsinə Əlifəzin fikirlərini dəstəkləyən sözlər söyləyir. Bu üç nəfərin sözləri ilk baxışdan zərərsiz görünə bilər, çünki onlar Allahın uca olması, Onun pisləri cəzalandırması, yaxşılara mükafat verməsi kimi bəsit fikirlər söyləyirdilər. Ancaq elə ağızlarını açan kimi bəlli olur ki, onların əslində Əyyuba canı yanmır. Əlifəz ilk baxışdan məntiqli görünən mülahizə yürüdür: nəzərə alsaq ki, Allah yaxşıdır və pisləri cəzalandırır, Əyyub isə açıq-aydın cəza çəkir, deməli, o, pis bir şey edib (Əyyub 4:1, 7, 8; 5:3—6).

 Təbii ki, Əyyub bu cür mülahizəni qəbul etmir, hətta tamamilə rədd edir (Əyyub 6:25). Lakin bu üç məsləhətçi Əyyubun nə isə gizli bir iş tutduğuna daha da əmin olur və başına gələn bəlalara layiq olduğu qənaətinə gəlir. Əlifəz Əyyubu təkəbbürlü olmaqda, şər iş görməkdə və Allah qorxusunu itirməkdə ittiham edir (Əyyub 15:4, 7—9, 20—24; 22:6—11). Söfər Əyyubu pisliyi kənara qoymağa, ondan zövq almamağa səsləyir (Əyyub 11:2, 3, 14; 20:5, 12, 13). Bildadın sözləri isə Əyyubun yeddi qatından keçir. O, Əyyubun oğlanlarının günah işlədiyini və ölümə layiq olduğunu söyləyir! (Əyyub 8:4, 13).

Əyyub peyğəmbərin üç yoldaşı ona heç bir təsəlli vermədi, əksinə daha da əzabını artırdı

Sədaqətinə hücum!

 Bu yanlış düşüncəli kişilər daha betər iş tutur. Onlar təkcə Əyyubun sədaqətini yox, ümumiyyətlə sədaqət məsələsini şübhə altına qoyur! Əlifəz sözünə başlayanda bir ruhla qarşılaşdığını söyləyir. Onun cinlə rastlaşmasından gəldiyi nəticə zəhərləyici təsirə malik idi: «Allah qulluqçularına etibar etmirsə, Öz mələklərində səhv tutursa», deməli, fani insan heç vaxt Allahı razı sala bilməz. Daha sonra Bildad insanın Allahın gözündə torpaq qurdundan fərqlənmədiyini, Əyyubun sədaqətinin Allah üçün önəmi olmadığını söyləyir (Əyyub 4:12—18; 15:15; 22:2, 3; 25:4—6).

 Bəs siz nə vaxtsa güclü iztirab çəkən birinə təskinlik verməyə çalışmısınız? Bu, asan deyil. Lakin Əyyubun yanlış düşüncəli yoldaşlarından söyləməməli olduğumuz sözlərlə bağlı çox şey öyrənə bilərik. Bu üç nəfər «ağıllı-ağıllı» çox danışdılar, yanlış məntiq yürütdülər. Lakin bircə dəfə Əyyubun adını çəkib, ona zərrə qədər şəfqət göstərmədilər! Əyyubun yaralı qəlbi onların vecinə də olmadı və ona qarşı anlayış göstərmək lazım olduğunu heç düşünmədilər a. Odur ki, kiminsə məyus olduğunu görəndə, ona qarşı isti münasibət göstərməyə, mülayim olmağa, həmçinin imanını möhkəmləndirməyə, onu cəsarətləndirməyə çalışın. Allaha, Onun hədsiz xeyirxahlığına, şəfqətinə və ədalətinə güvənməsinə kömək edin. Əyyubun yoldaşları onun yerində olsaydılar, Əyyub onlara qarşı məhz bu cür davranardı (Əyyub 16:4, 5). Bəs yoldaşları onun sədaqətinə hücum edəndə, o necə davrandı?

Əyyub möhkəm dayandı

 Yazıq Əyyub onsuz da pərişan halda idi. Bir tərəfdən də bu uzun-uzadı söhbətlər. O, söhbətinin lap əvvəlindən ağlına gələni danışdığını, sözlərinin biçarə adamın sözlərinə bənzər olduğunu etiraf etmişdi (Əyyub 6:3, 26). Bunun səbəbini başa düşmək olar. Onun sözləri ürəyindəki fəryadın səsi idi. Üstəlik, Əyyub baş verənlərin səbəbini anlamırdı. Ailəsinin üzləşdiyi faciə bir anın içində, həm də fövqəl-təbii şəkildə baş verdiyindən bütün bunların Yehovadan olduğunu fərz edirdi. Lakin Əyyubun bilmədiyi vacib məsələlər var idi, buna görə də onun gəldiyi qənaət yanlış ehtimallara əsaslanırdı.

 Bütün bunların müqabilində Əyyubun imanı güclü idi. Bu uzun-uzadı söhbət zamanı dediyi sözlər onun imanını aydın göstərirdi. Əyyubun doğru, lətif sözləri bu gün bizləri çox ruhlandırır. Allahı ucaltmaq üçün yaradılış möcüzələri barədə danışarkən Əyyub elə sözlər söyləmişdi ki, bunu Allahın köməyi olmadan heç kəs deyə bilməzdi. Misal üçün, o demişdi ki, Yehova «Yeri heçlikdə asıb» (Əyyub 26:7). Alimlər bu faktı yalnız əsrlər sonra kəşf etdi b. Əyyubun gələcəyə dair ümidi digər böyük iman sahiblərinin ümidi ilə eyni idi. O inanırdı ki, ölüm onu haqlasa da, Allah onu yadda saxlayacaq, onun üçün darıxacaq və sonda həyata qaytaracaq (Əyyub 14:13—15; İbranilərə 11:17—19, 35).

 Bəs sədaqət məsələsi barədə nə demək olar? Əlifəz və onun iki yoldaşı insanın sadiq olmasının Allah üçün heç bir məna kəsb etmədiyini iddia edirdi. Bəs Əyyub bu cəfəngiyyata inandı? Əsla! Hətta sədaqətin Allah üçün vacib olduğunu vurğuladı. Yehova haqqında «qoy Allah... sadiq olduğumu görsün» dedi (Əyyub 31:6). Bundan əlavə Əyyub gördü ki, saxta dostlarının dediyi fikirlər onun sədaqətinə hücumdan başqa bir şey deyildi. Bu, Əyyubu Kəlamda qələmə alınan ən uzun nitqini söyləməyə təşviq edir. Sözləri elə kəsərli olur ki, üç yoldaşı deməyə söz tapa bilmir.

 Əyyub həyatının hər bir sahəsində sədaqət göstərməyin vacibliyini dərk edirdi. Buna görə də həyat tərzinin və hərəkətlərinin müdafiəsinə qalxmışdı. Misal üçün, o, bütpərəstliyin hər bir növündən uzaq dururdu; insanlara yaxşılıq edir, onlara hörmətlə yanaşırdı; əxlaqi təmizliyini qoruyur, nikahına dəyər verirdi; ən əsası isə o, tək gerçək Allah olan Yehovaya sadiq idi. Məhz elə buna görə o demişdi: «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyyub 27:5; 31:1, 2, 9—11, 16—18, 26—28).

Əyyub peyğəmbər sədaqətini qorumağa əzmli idi

Əyyubun imanını örnək alaq

 Əyyub peyğəmbərin sədaqətlə bağlı mövqeyini dəstəkləyirsiniz? O başa düşürdü ki, sadiq olduğumuzu sözdə demək kifayət deyil, bunu əməldə göstərmək lazımdır. Yehovaya bütün qəlbimizlə, tam sədaqət göstərdiyimiz nədən görünür? Nə qədər çətin olsa da, Ona itaət etməyimizdən və hər bir işimizdə Onun bəyəndiyi kimi davranmağımızdan. Bu cür yaşamaqla biz bir vaxtlar Əyyub peyğəmbərin etdiyi kimi, Yehovanı sevindirir, Onun düşməni Şeytanın isə arzusunu gözündə qoyuruq. Bu, Əyyub peyğəmbərin imanından örnək almağın ən gözəl yoludur.

 Lakin Əyyubun hekayəsi burada bitmir. O, tarazılığı itirmişdi, diqqəti o qədər öz salehliyinin müdafiəsində idi ki, Allahın adını müdafiə etməyi belə unutmuşdu. Onun düzəlişə və ruhani köməyə ehtiyacı var idi. Üstəlik, kədər içində və ağrıdan əzab çəkən peyğəmbər əsil təsəlliyə möhtac idi. Bəs Yehova bu imanlı və sədaqətli bəndəsinə necə dayaq oldu? Cavabları bu silsilənin növbəti məqaləsində tapa bilərsiniz.

a Əlifəz düşünürdü ki, həm o, həm də dostları Əyyubla mülayim danışıb. Yəqin səslərini ucaltmadıqlarına görə belə qənaətə gəlmişdi (Əyyub 15:11). Lakin, alçaq səslə söylənən sözlər belə insanı incidə və yaralaya bilər.

b Belə hesab olunur ki, təxminən 3000 il sonra alimlər yerin nəyinsə üzərində durmasına ehtiyac olmadığı fikrini qəbul etdilər. Yalnız kosmosdan çəkilən şəkillərdən sonra bəşəriyyət Əyyubun sözlərinin həqiqət olduğunun sübutunu gördü.