Kontentə keç

İsa Məsih xaç üzərində edam edilib?

İsa Məsih xaç üzərində edam edilib?

Müqəddəs Yazıların cavabı

 Əksər insanlar xaçı məsihçiliyin rəmzi hesab edir. Ancaq qeyd etmək lazımdır ki, İsanın edam aləti Müqəddəs Kitabda təsvir edilməyib, buna görə onun zahirən necə göründüyünü dəqiqliklə demək mümkün deyil. Amma Müqəddəs Kitabda sübutlar var ki, İsa Məsih xaçın yox, dik şalban üzərində edam edilib.

 Müqəddəs Kitabda İsa Məsihin edam alətindən bəhs ediləndə, əsasən, yunanca stauros sözü istifadə edilir (Matta 27:40; Yəhya 19:17). Müqəddəs Kitab tərcümələrində bu söz çox vaxt «xaç» kimi tərcümə edilsə də, əksər alimlərin fikrincə, bu söz «şaquli, dik şalban» a mənasını daşıyır. Bir kitaba əsasən, stauros sözünün «hansısa bucaq altında kəsişən, çarpaz dirəklər mənası yoxdur» («A Critical Lexicon and Concordance to the English and Greek New Testament»).

 Müqəddəs Kitabda həmçinin stauros sözünün sinonimi kimi ksilon sözü də işlədilir (Həvarilərin işləri 5:30; 1 Peter 2:24). Onun mənası «tir, şalban, ağac, dirək» b deməkdir. Bir kitabda qeyd olunur: «Ə[hdi]-C[ədinin] yunan mətnində bunun iki şalban olduğunu göstərən heç bir işarə yoxdur» («The Companion Bible»).

Allah ibadətdə xaçdan istifadəyə necə baxır?

Crux simplex — cinayətkarın edam edilməsi üçün istifadə olunan «dirək» sözünün latın forması

 İsanın nəyin üzərində edam edilməsindən asılı olmayaraq, aşağıda gətirilən məlumat və Müqəddəs Kitab ayələri sübut edir ki, Allaha ibadətdə xaçdan istifadə etmək olmaz.

  1.   Allah xaç və digər rəmzlərin istifadə olunduğu ibadəti qəbul etmir. Allah qədim xalqı olan israillilərə buyurmuşdu ki, «hər hansı bir cisməbənzər oyma büt» düzəldib ona ibadət etməsinlər. Buna bənzər əmr İsanın davamçılarına da verilmişdi. Müqəddəs Kitabda deyilir: «Bütpərəstlikdən qaçın» (Qanunun təkrarı 4:15—19; 1 Korinflilərə 10:14).

  2.   İsanın ilk davamçıları ibadətdə xaçdan istifadə etmirdilər c. İsa peyğəmbərin bütün davamçıları onun on iki həvarisinin təlim və nümunəsinə riayət etməlidir (2 Saloniklilərə 2:15).

  3.   İbadətdə xaçın istifadə edilməsinin kökü bütpərəst dinlərə gedib çıxır d. İsa peyğəmbərin ölümündən bir neçə əsr sonra (kilsələr artıq onun ilkin təlimlərindən uzaqlaşanda) kilsənin yeni üzvlərinə əvvəllər etiqad etdikləri bütpərəst dinin rəmzlərini, eləcə də xaçı ibadətdə saxlamağa icazə verilmişdi («Vaynın Əhdi-Cədid sözlərinin geniş izahlı lüğəti»). Halbuki, Müqəddəs Kitaba görə, ibadətə yeni üzvləri cəlb etmək məqsədilə bütpərəst dini rəmzləri qəbul etmək düzgün deyil (2 Korinflilərə 6:17).

a Əlavə məlumat üçün: «Yeni Müqəddəs Kitab lüğəti», üçüncü nəşr, R. Vud, səh. 245; «Əhdi-Cədidin ilahiyyat lüğəti», cild VII, səh. 572; «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası», təkrar yoxlanılmış, cild I, səh. 825; və «The Imperial Bible-Dictionary», cild II, səh. 84.

b Əlavə məlumat üçün: «Vaynın Əhdi-Cədid sözlərinin geniş izahlı lüğəti», səh. 1165; «Yunanca—ingiliscə lüğət», Henri Liddell və Robert Skott, 9-cu nəşr, səh. 1191, 1192; və «Əhdi-Cədidin ilahiyyat lüğəti», cild V, səh. 37.

c Əlavə məlumat üçün: «Britaniya ensiklopediyası», 2003, «Xaç» başlığı; «Xaç. Tarixi və rəmzi mənası», səh. 40; və «The Companion Bible», Oksford Universitetinin çapxanası, əlavə 162, səh. 186.

d Əlavə məlumat üçün: «Din ensiklopediyası», cild IV, səh. 165; «Amerika ensiklopediyası», cild VIII, səh. 246; «Ətrafımızdakı rəmzlər», səh. 205—207.