Kontentə keç

Müqəddəs Kitabda ziddiyyətlər varmı?

Müqəddəs Kitabda ziddiyyətlər varmı?

Müqəddəs Yazıların cavabı

 Yox, əksinə, Müqəddəs Kitabda daxili uyğunluq var. Bəzi ayələr bir-birinə zidd kimi görünsə də, növbəti prinsiplərdən biri və ya bir neçəsi tətbiq edildikdə onları düzgün başa düşmək olur:

  1.   Kontekst nəzərə alınmalıdır. Sözlər kontekstdən çıxarıldıqda istənilən yazıçının sözlərini əks mənada başa düşmək olar.

  2.   Yazıçının baxışı nəzərə alınmalıdır. Bir neçə şahid hansısa hadisəni dəqiq təsvir edərkən eyni ifadə və sözlərdən istifadə etməyə, eləcə də eyni təfsilatları hekayəyə daxil etməyə bilərlər.

  3.   Tarixi faktlar və adət-ənənələr nəzərə alınmalıdır.

  4.   Sözün hərfi və ya məcazi mənada işlənildiyi müəyyən edilməlidir.

  5.   Yadda saxlamaq lazımdır ki, insan hansısa işi şəxsən özü görməsə də, həmin iş ona aid edilə bilər a.

  6.   Müqəddəs Kitabın dəqiq tərcüməsi istifadə edilməlidir.

  7.   Müqəddəs Kitabda deyilənlər səhv dini fikir və təlimlərlə əlaqələndirilməməlidir.

 Növbəti nümunələrə nəzər salın və görün bu prinsiplərin tətbiqi sayəsində bir-birinə zidd kimi görünən Müqəddəs Kitab parçalarına necə aydınlıq gətirilir.

Prinsip 1. Kontekst

  Əgər yeddinci gün Allah dincəlirsə, O, necə işləyə bilər? «Yaradılış» kitabının konteksti göstərir ki, «Allah... yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi» sözləri Onun Yer kürəsində gördüyü yaradıcılıq işlərindən dincəldiyinə aiddir (Yaradılış 2:2—4). İsa: «Mənim Atam indiyədək işləyir», — deməklə zidd bir fikir söyləmədi, çünki o, Allahın digər işlərini nəzərdə tuturdu (Yəhya 5:17). Yəni Allah Müqəddəs Kitabın yazılmasına nəzarət etməklə, bəşəriyyətə rəhbərlik verməklə və ona qayğı göstərməklə məşğul idi (Məzmur 20:6; 105:5; 2 Peter 1:21).

Prinsip 2 və 3. Yazıçıların baxışı və tarixi faktlar

  İsa kor adamı harada sağaltdı? «Luka» kitabında deyilir ki, İsa «Yerixoya yaxınlaşanda» bir kor adamı sağaltdı. Lakin həmin hadisəni nəql edən «Matta» kitabında qeyd olunur ki, İsa iki kor adamı sağaltmışdı və bu, İsa «Yerixo şəhərindən çıxanda» baş vermişdi (Luka 18:35—43; Matta 20:29—34). Fərqli baxış nöqtələrindən yazılan bu iki məlumat, əslində, bir-birlərini tamamlayır. Matta İsanın şəfa verdiyi insanların sayını dəqiq göstərdiyi halda, Luka İsanın birbaşa müraciət etdiyi insandan bəhs edir. Bu hadisənin baş verdiyi məkana gəldikdə isə, arxeoloqlar deyir ki, İsanın günlərində Yerixo ikili şəhər idi: köhnə yəhudi şəhəri ilə yeni Roma şəhəri arasında təxminən 1,5 kilometr məsafə var idi. Çox ehtimal ki, İsa bu möcüzəni göstərəndə bu iki şəhərin arasında idi.

Prinsip 4. Hərfi və məcazi mənalar

  Yer kürəsi məhv ediləcəkmi? Vaiz 1:4 ayəsində deyilir ki, «dünya [yəni yer] daim qalır». Bəzilərinin fikrincə, bu ayə «yer və orada olan hər şey tamamilə yandırılacaqdır» yazıldığı ayəyə ziddir (2 Peter 3:10, İncil—1993). Lakin nəzərə almaq lazımdır ki, Müqəddəs Kitabda yer və ya dünya sözləri hərfi mənada işləndikdə bizim planetə, məcazi mənada işləndikdə isə üzərində yaşayan insanlara aiddir (Yaradılış 1:1; 11:1, Kitabı Mukaddes). 2 Peter 3:10 ayəsində planetimizin yandırılacağı yox, «allahsızların məhv ediləcəyi» nəzərdə tutulur (2 Peter 3:7).

Prinsip 5. Hərəkətin icraçısı və hərəkətin aid edildiyi şəxs

  İsa Kapernahumda olarkən yüzbaşının nökərini sağaltmağı ondan kim xahiş etmişdi? Matta 8:5, 6 ayələrində deyilir ki, İsaya yüzbaşının özü yaxınlaşmışdı, Luka 7:3 ayəsində isə bunu yəhudi ağsaqqallarının etdiyi qeyd olunur. Bu xahişin yüzbaşıdan gəldiyini, ağsaqqalların isə onun təmsilçiləri olduğunu nəzərə alsaq, ziddiyyət asanlıqla aradan qalxır.

Prinsip 6. Dəqiq tərcümə

  Bütün insanlar günah işlədir? Müqəddəs Kitabda deyilir ki, hamımız ilk insan olan Adəmdən günahı miras almışıq (Romalılara 5:12). Lakin bəzi tərcümələrdə deyilir ki, yaxşı adam «günah işlətməz» (1 Yəhya 3:6, İncil—1993; İncil—1996). Ancaq orijinal mətndə 1 Yəhya 3:6 ayəsində «günah etmək» feli indiki zamanda durur və yunan dilində bu, adətən, hərəkətin davamedici formada olduğunu göstərir. Adəmdən miras aldığımız və yaxa qurtara bilmədiyimiz günahla qəsdən Allahın qanunlarını pozaraq işlədilən günah arasında fərq var. Buna görə də bəzi tərcüməçilər sözügedən feli daha dəqiq olaraq «günah işləmir» kimi tərcümə etməklə bu məsələyə aydınlıq gətirirlər (Yeni Dünya tərcüməsi).

Prinsip 7. Müqəddəs Kitab araşdırılmalıdır, yalan təlimlər yox

  İsa Allaha bərabərdir, yoxsa mövqecə Ondan aşağıdadır? İsa bir dəfə demişdi: «Mən və Ata birik». İlk baxışdan elə təəssürat yarana bilər ki, onun bu sözləri «Ata məndən böyükdür» sözlərinə ziddir (Yəhya 10:30, İncil—1996; Yəhya 14:28). Bu ayələri düzgün başa düşmək üçün gərək biz Müqəddəs Kitaba əsaslanmayan Üç üqnum təlimini qırağa qoyaq və Müqəddəs Kitabda Yehova Allah və İsa Məsih haqda deyilənləri araşdıraq. Allahın Kəlamında deyilir ki, Yehova nəinki İsanın Yaradanıdır, həm də İsanın ibadət etdiyi Allahdır (Matta 4:10; Mark 15:34; Yəhya 17:3; 20:17; 2 Korinflilərə 1:3). Buna görə də İsa Allaha tən deyil.

 İndi isə «mən və Ata birik» sözlərinin kontekstinə nəzər salaq. Burada İsa onun və Yehova Allahın məqsədlərinin bir olduğundan danışırdı. Və məhz bu mənada onlar birdirlər. Bir qədər sonra İsa demişdi ki, Allah onunla, O da Allahla vəhdətdədir (Yəhya 10:38). İsanın şagirdləri ilə də məqsədləri bir olub, çünki o, Allaha dua edərək demişdi: «Sənin mənə verdiyin şöhrətdən onlara da verdim. Mən onlarla vəhdətdəyəm və Sən də mənimlə vəhdətdəsən» (Yəhya 17:22, 23).

a Nümunə üçün «Britaniya ensiklopediyası»ndakı Tac-Mahal haqdakı məqaləni götürək. Orada deyilir ki, bu memarlıq abidəsini «Moğol imperiyasının hökmdarı Şah Cahan tikib». Məlum məsələdir ki, o, bu binanı şəxsən özü tikməyib. Məqalədə qeyd edilir ki, onun tikintisinə «20000 işçi cəlb edilmişdi».