Kontentə keç

Ruhanilik nədir? Dinə etiqad etmədən ruhani düşüncəli insan olmaq olar?

Ruhanilik nədir? Dinə etiqad etmədən ruhani düşüncəli insan olmaq olar?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitaba əsasən, ruhanilik Allahı ürəkdən razı salmaq və Onun düşüncə tərzinə yiyələnmək istəyidir. Ruhani düşüncəli insan Allahın qayda-qanunları ilə yaşamağa və Onun müqəddəs ruhunun rəhbərliyinə əməl etməyə can atır a (Romalılara 8:5; Efeslilərə 5:1).

 Ruhaniliyin nə olduğunu izah etmək üçün Müqəddəs Kitabda çox vaxt təzadlardan istifadə olunur. Məsələn, ruhani düşüncəli insandan fərqli olaraq, «cismani düşüncəli insan Allahın ruhuna aid şeyləri», yəni Allahın təlimlərini qəbul etmir (1 Korinflilərə 2:14—16). Cismani adamlar səxavətlilik və sülhə deyil, «paxıllıq və çəkişmələr»ə meyillidirlər (1 Korinflilərə 3:1—3). Böhtançılar və yaxın dostları ayıranlar «nəfsani, ruhanilikdən məhrum [adamlar]» adlandırılır b (Yəhuda 19; Məsəllər 16:28).

Bu məqalədə

 Ruhanilik bizdə haradandır?

 Allah bizi Öz bənzərində yaratdığı üçün bizim ruhani tələbatlarımız var (Yaradılış 1:27). Ona görə də təəccüblü deyil ki, əksər insanlar maddi və fiziki olmayan şeylərə müəyyən dəyər verirlər.

 Bizdə anadangəlmə Yehova c Allahın sülh, mərhəmət və ədalət kimi xüsusiyyətlərini təzahür etdirmək qabiliyyəti var (Yaqub 3:17). Bundan əlavə, Allah Onun əmrlərinə riayət etməyə can atanlara müqəddəs ruhundan verərək ruhani düşüncəli insan olmağa kömək edir (Həvarilərin işləri 5:32).

 Nəyə görə ruhanilik vacibdir?

 Ruhanilik insana «həyat və sülh gətirir» (Romalılara 8:6). Bunlar Allahın insanlara verdiyi dəyərli hədiyyələrdir.

  •   Həyat. Allah ruhani düşüncəli insanların cənnətdə əbədi yaşayacağını vəd edib (Yəhya 17:3; Qalatiyalılara 6:8).

  •   Sülh. Bu, Allahla insan arasında olan sülhdür. Yalnız fiziki ehtiyaclarını düşünənlər Allahın düşmənləridir (Romalılara 8:7). Bundan əlavə, Allah ruhani düşüncəli insan olmağa can atanları «hər bir ağıldan üstün olan sülhü» ilə mükafatlandırır (Filippililərə 4:6, 7). Bu cür daxili sülh insanlara həyatda xoşbəxtlik tapmağa kömək edir (Mətta 5:3).

 Ruhaniliyinizi necə inkişaf etdirə bilərsiniz?

  •   Allahın qayda-qanunlarını öyrənin və onlara riayət edin. Bunun üçün Müqəddəs Kitabı oxumaq lazımdır. «Müqəddəs ruh tərəfindən [yönəldilən]» insanlar Müqəddəs Kitabda Allahın fikirlərini qələmə alıblar (2 Butrus 1:21). Öyrəndikləriniz sizə «ruha və həqiqətə uyğun», yəni Allahın müqəddəs ruhunun rəhbərliyi ilə və Onun iradəsinə müvafiq ibadət etməyə kömək edəcək (Yəhya 4:24).

  •   Allahdan kömək istəyin (Luka 11:13). Allah sizə ruhani düşüncəli insana xas olan xüsusiyyətlər təzahür etdirməyə kömək edəcək (Qalatiyalılara 5:22, 23). Allah həmçinin sizə həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək edən hikmət verəcək (Yaqub 1:5).

  •   Ruhani düşüncəli insanlarla dostlaşın. Onlarla ünsiyyət sizə ruhani düşüncəli insan olmağa kömək edəcək (Romalılara 1:11, 12). Bunun əksi olaraq, Allah kimi düşünməyən insanlarla ünsiyyət ruhaniliyinizə zərər vura bilər (Yaqub 4:4).

 Ruhani düşüncəli insan olmaq üçün dinə etiqad etmək mütləqdir?

 Hansısa dinə mənsub olmaq insanı avtomatik olaraq ruhani düşüncəli insan etmir. Müqəddəs Kitabda deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur» (Yaqub 1:26).

 Bununla belə, Müqəddəs Kitabda göstərilir ki, ruhani düşüncəli insanlar Allaha Onun məqbul saydığı tərzdə ibadət edir. Belə insanlar qəbul edirlər ki, bir ruh var, o da Allahın müqəddəs ruhudur. Bu ruh insanları Ona bir bədəndə, yəni «sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi» qoruyan yığıncaq kimi ibadət etməyə təşviq edir (Efeslilərə 4:1—4).

 Ruhanilik barədə yanlış fikirlər

 Yanlış. Ruhanilik imkan və bacarıqları, eləcə də potensialı tam üzə çıxaran istənilən həyat yoludur.

 Doğru. Müqəddəs Kitaba əsasən, ruhanilik Allahın iradəsini həyatda rəhbər tutmaq deməkdir. Bu cür həyat tərzi insanın Allahdan müstəqil olaraq özünü realizə etməsini istisna edir. Ruhani düşüncəli insan Yehova Allahın Yaradan olduğunu qəbul edir və Onun niyyətinə uyğun yaşayır, bunun sayəsində o, həyatdan məmnunluq duyur (Zəbur 100:3).

 Yanlış. Ruhani düşüncəli insan olmaq üçün gərək tərki-dünya olasan, özünə əzab-əziyyət çəkdirəsən.

 Doğru. Bədəni üzmək «uydurma ibadət» və cismani düşüncənin təzahürüdür (Koloslulara 2:18, 23). Müqəddəs Kitabda ruhanilik ağrı ilə deyil, sevinclə əlaqələndirilir (Məsəllər 10:22).

 Yanlış. Ruhani düşüncəli adam olmaq üçün gərək ruhani aləmlə əlaqə yaradasan, məsələn, spiritizm vasitəsilə.

 Doğru. Spiritizmə ölülərin ruhlarının mövcudluğuna və onlarla əlaqə qurmağın mümkün olduğuna inam daxildir. Ancaq Müqəddəs Kitab öyrədir ki, ölülər heç nə bilmir (Vaiz 9:5). Ona görə də spiritizm əslində Allahın düşmənləri olan cinlərlə əlaqədir. Allah spiritizmə nifrət edir. Spiritizm onunla məşğul olanlara ruhani düşüncəli insan olmağa mane olur (Lavililər 20:6; Qanunun təkrarı 18:11, 12).

 Yanlış. Bütün canlılar ruhaniliyə malikdir.

 Doğru. Allahın yaratdığı hər şey Ona şərəf gətirir (Zəbur 145:10; Romalılara 1:20). Ancaq yalnız şüurlu varlıqlarda ruhaniliyi inkişaf etdirmək qabiliyyəti var. Heyvanlar isə instinktlə hərəkət edir və Allahla dostluq münasibətləri qurması mümkün deyil. Onların hərəkətləri fiziki tələbatlarını ödəmək istəyindən irəli gəlir (2 Butrus 2:12). Bu səbəbdən Müqəddəs Kitaba əsasən, ruhanilik heyvanlara xas olan cismani düşüncə və davranışın tam əksidir (Yaqub 3:15; Yəhuda 19).

a Müqəddəs Kitabda «ruh» kimi tərcümə olunan sözlərin orijinal dillərdə əsas mənası «nəfəs»dir və daha geniş mənada gözəgörünməz, amma hərəkətdə olan qüvvənin mövcudluğunu sübut edən bir şeyə deyilir. Müqəddəs Kitabda Allah ən ali ruhani varlıq kimi təsvir olunur. Ruhani düşüncəli insan Allahın iradəsinə uyğun yaşayır və Onun müqəddəs ruhunun rəhbərliyinə tabe olur.

b Müqəddəs Kitabda «cismani» və «cismani düşüncəli» insanlar dedikdə, əsasən cismani və fiziki tələbatlarının ödənilməsini düşünən, Allahın qayda-qanunlarına az və ya heç əhəmiyyət verməyənlər nəzərdə tutulur.

c Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır (Zəbur 83:18).