Kontentə keç

Vicdan əzabından qurtulmaq olar?

Vicdan əzabından qurtulmaq olar?

Müqəddəs Yazıların cavabı

 Bəli. Müqəddəs Kitab bizə vicdan əzabından qurtulmağa kömək edə bilər (Zəbur 32:1—5). Əgər günah iş tutmuşuqsa, lakin ürəkdən tövbə ediriksə, Allah bizi bağışlayacaq və kömək edəcək (Zəbur 86:5). Müqəddəs Kitabda deyilir ki, bəzən vicdan əzabının xeyri olur, çünki bu, bizi səhvimizi düzəltməyə və onu yenidən təkrarlamamaq üçün var gücümüzlə çalışmağa təşviq edir (Zəbur 51:17; Məsəllər 14:9). Bununla belə, Müqəddəs Kitabda məsləhət görülür ki, səhv edəndə özümüzü həddən artıq qınamayaq, məsələn, düşünməyək ki, biz düzələn deyilik və Allahın gözündə dəyərsizik. Bu cür düşüncə insanı hədsiz kədərə qərq edə və ya ümidsizliyə qapılmasına səbəb ola bilər (2 Korinflilərə 2:7).

 Niyə vicdan əzabı çəkirik?

 İnsan müxtəlif səbəblərdən vicdan əzabı çəkə bilər. Məsələn, əziz bir insanın xətrinə dəyəndə, yaxud əldə rəhbər tutmalı olduğu prinsipləri pozanda. Bəzən vicdan əzabı çəkməyimiz əsassız olur. Məsələn, özümüzə qarşı həddən artıq tələbkarıqsa, hər dəfə öz tələbimizə uyğun gəlməyəndə içdən özümüzü yeyəcəyik. Ona görə Müqəddəs Kitab bizi özümüzə qarşı həddən artıq tələbkar olmaqdan çəkindirir (Vaiz 7:16).

 Vicdan əzabından necə qurtulmaq olar?

 Vicdan əzabının əl-qolunuzu bağlamasına yol verməyin. Ondansa vəziyyəti düzəltməyə çalışın. Necə?

  •   Səhvlərinizi etiraf edin. Yehova a Allahdan duada xahiş edin ki, sizi bağışlasın (Zəbur 38:18; Luka 11:4). Əgər tutduğunuz işdən ürəkdən peşmansınızsa və bir daha həmin səhvə yol verməməyə qəti qərarlısınızsa, əmin olun ki, Allah sizi bağışlayacaq (2 Salnamələr 33:13; Zəbur 34:18). İnsanlardan fərqli olaraq, O, hər birimizin daxilən necə insan olduğunu görür. Allah səhv yoldan dönməyə çalışdığımızı görəndə «sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq» (1 Yəhya 1:9; Məsəllər 28:13).

     Əlbəttə, kiməsə qarşı səhv iş tutmusunuzsa, səhvinizi boynunuza almalı və ondan səmimi-qəlbdən üzr istəməlisiniz. Bəzən bu, asan deyil! Bunun üçün cəsarət və təvazökarlıq lazımdır. Lakin üzr istəməklə iki vacib şeyə nail olmuş olursunuz: çiyninizdən ağır yük düşür və sülh bərpa olunur (Mətta 3:8; 5:23, 24).

  •   Allahın mərhəməti haqda ayələr üzərində düşünün. Götürək 1 Yəhya 3:19, 20 ayələrini. Müqəddəs Kitabda deyilir ki, «ürəyimiz bizi bir şey üstə [qınaya]» bilər, başqa sözlə, ola bilsin, biz özümüzə qarşı həddən artıq tənqidi yanaşırıq, məsələn, Allahın məhəbbətinə layiq olmadığımızı düşünürük. Amma həmin ayələrdə həmçinin deyilir ki, «Allah ürəyimizdən böyükdür». Hansı mənada? O, bizim barədə hər şeyi bilir, hisslərimizi və zəifliklərimizi tam anlayır. O həmçinin bilir ki, biz qeyri-kamil, səhvlər etmək meyili ilə doğulmuşuq b (Zəbur 51:5). Buna görə Allah səmimi peşmançılıq çəkənlərdən üz döndərmir (Zəbur 32:5).

  •   Keçmiş səhvləri keçmişdə qoyun. Müqəddəs Kitabda günah iş tutan, amma sonra pis yoldan dönən çoxlu kişi və qadınların nümunəsi var. Onlardan biri sonradan həvari Bulus kimi tanınan tarslı Şauldur. Fərisi olanda o, İsanın davamçılarını qəddarcasına təqib edirdi (Həvarilərin işləri 8:3; 9:1, 2, 11). Lakin bununla əslində Allaha və Məsihə qarşı çıxdığını biləndə tövbə edib yolundan döndü və Allahın nümunəvi xidmətçisi oldu. Sözsüz, o, keçmiş günahlarına görə peşman idi, amma o, keçmişlə yaşamırdı. Allahın mərhəmətini üzərində hiss edən Bulus canla-başla təbliğ edir və gözlərini əbədi həyat ümidindən heç vaxt çəkmirdi (Filippililərə 3:13, 14).

 Vicdan əzabı və bağışlanmağa dair Müqəddəs Kitab ayələri

 Zəbur 51:17: «Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah».

 İzahı. Əgər Allahın xətrinə dəydiyinizə görə ürəkdən peşmansınızsa, O, sizi rədd etməyəcək, sizə mərhəmət göstərəcək.

 Məsəllər 28:13: «Günahlarını ört-basdır edən xeyir tapmaz, günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər».

 İzahı. Allah qarşısında günahlarımızı etiraf etsək və yolumuzdan dönsək, O, bizi bağışlayacaq.

 Ərəmya 31:34: «Onların təqsirini bağışlayacağam, günahlarını bir də yada salmayacağam».

 İzahı. Allah günahımızı bağışlayandan sonra artıq onu yadına salmır. O, əsl mərhəmət göstərir.

a «Yehova» Allahın şəxsi adıdır (Çıxış 6:3).

b Günaha meyil anadangəlmə meyildir və ilk günahı işlədən Adəmdən bizə irsən keçib. O və arvadı Həvva Allaha qarşı günah işlədərək kamilliyi itirdi və gələcək övladlarını kamil həyatdan məhrum etdi (Yaradılış 3:17—19; Romalılara 5:12).