Kontentə keç

Yehova kimdir?

Yehova kimdir?

Müqəddəs Yazıların cavabı

 Yehova hər şeyi yaradan Allahdır (Vəhy 4:11). İbrahim, Musa və İsa peyğəmbər Ona ibadət edirdilər (Yaradılış 24:27; Çıxış 15:1, 2; Yəhya 20:17). O, hansısa bir xalqın yox, bütün insanların Allahıdır (Zəbur 47:2).

 Müqəddəs Kitabda deyildiyi kimi Yehova Allahın adıdır (Çıxış 3:15; Zəbur 83:18). İbrani dilində bu ad «olmaq» felindən əmələ gəlib. Bir çox alimlərin fikrincə bu adın mənası «olmasına səbəb olur» deməkdir. Yehova Allahın Ulu Yaradan və Öz məqsədinin icraçısı olduğu nəzərə alınsa, adın bu cür açıqlanması münasibdir (Əşiya 55:10, 11). Müqəddəs Kitabın sayəsində biz həmçinin Yehovanın necə Allah olduğu və Onun əsas xüsusiyyəti olan məhəbbəti haqda öyrənirik (Çıxış 34:5—7; Luka 6:35; 1 Yəhya 4:8).

 İbrani dilində Yehova adı tetraqrammaton kimi tanınan יהוה (YHVH) dörd hərfdən ibarətdir. Qədim ibrani dilində ilahi adın dəqiq tələffüzü məlum deyil. Azərbaycan dilində bu ad «Yehova» və ya «Yəhva» kimi tanınır.

Nəyə görə Allahın adının ibranicə tələffüzü məlum deyil?

 Qədim ibrani dilində sait hərflər yazılmırdı. İbranidilli adam mətni oxuyanda hansı saitlərdən istifadə etməli olduğunu bilirdi. Lakin Tövrat («Əhdi-Ətiq») yazılıb qurtarandan sonra bəzi yəhudilərin arasında Allahın adını çəkməyin düzgün olmadığı ilə bağlı mövhumat yarandı. Onlar Kəlamı uca səslə oxuyarkən Allahın adını «Rəbb» və ya «Allah» kimi məfhumlarla əvəz edirdilər. Əsrlər ötdükcə bu mövhumat yayıldı və Allahın adının tələffüzü unuduldu a.

 Bəzilərinin fikrincə, bu ad «Yahve» kimi tələffüz olunmalıdır. Digərləri başqa variantlar irəli sürürlər. Ölü dəniz əlyazmaları arasında Lavililər kitabının yunanca tərcüməsi yazılmış bir parçada Allahın adı «Yao» kimi transliterasiya olunub. Bundan başqa, qədim yunan yazıçıları adın «Yae», «Yabe» və «Yaoue» tələffüz formalarını da təklif etmişlər. Lakin qədim vaxtlarda bu ilahi adın necə tələffüz edildiyi bizə məlum deyil b.

Allahın adı ilə bağlı yanlış fikirlər

 Səhv. «Yehova» adını Müqəddəs Kitaba tərcüməçilər əlavə ediblər.

 Doğru. Dörd ibrani hərfindən ibarət olan Allahın adı Tövratda təxminən 7000 dəfə yazılıb. Əksər tərcüməçilər qəsdən Allahın adını «Rəbb» sözü ilə əvəz etmişlər.

 Səhv. Uca Allahın ada ehtiyacı yoxdur.

 Doğru. Allah Müqəddəs Kitabda Öz adının bir neçə min dəfə yazılmasının qeydinə qalıb və istəyir ki, Ona ibadət edənlər bu adı istifadə etsinlər (Əşiya 42:8; Yuil 2:32; Məlaki 3:16; Romalılara 10:13). Allah keçmişdə Onun adını xalqına unutdurmağa çalışan yalançı peyğəmbərləri mühakimə edirdi (Ərəmya 23:27).

 Səhv. Yəhudilərin ənənəsinə uyğun olaraq Allahın adı Müqəddəs Kitabdan çıxarılmalıdır.

 Doğru. Bəzi yəhudi mirzələri bu adı tələffüz etməkdən imtina etsələr də, köçürdükləri nüsxələrdən onu çıxarmamışlar. Hər necə olsa da, Allah istəmir ki, biz Onun əmrlərinə zidd olan ənənələri izləyək (Mətta 15:1—3).

 Səhv. Allahın adının dəqiq tələffüzü məlum olmadığına görə Müqəddəs Kitabda onu istifadə etmək lazım deyil.

 Doğru. Bu sözlərdən belə çıxır ki, insanlar müxtəlif dillərdə danışsalar da, Allah onlardan adını eyni cür tələffüz etmələrini istəyir. Ancaq Müqəddəs Kitabda göstərilir ki, müxtəlif dildə danışan Allahın keçmişdə yaşamış xidmətçiləri adları fərqli tələffüz edirdilər.

 Məsələn, götürək İsrailin hakimi Yuşəni. Birinci əsrdə yaşayan ibranidilli məsihilər bu adı «Yehoşua» kimi, yunandilli məsihilər isə «Yesus» kimi tələffüz edirdilər. Müqəddəs Kitabın yunanca yazılan hissəsində ibrani adı olan «Yuşə»nin tərcümə olunması göstərir ki, məsihilər adları öz dillərinə uyğun tələffüz edirdilər (Həvarilərin işləri 7:45; İbranilərə 4:8).

 Həmin prinsipi Allahın adına da tətbiq etmək olar. Tələffüzdən çox o adın Müqəddəs Kitabda öz yerini alması daha vacibdir.

a Bir ensiklopediyada deyilir: «Sürgündən qayıdandan sonra “Yahve” adına o qədər ehtiram bəslənməyə başlanıldı ki, bu ad “ADONAY” və ya “ELOHİM” sözləri ilə əvəz olundu» («The New Catholic Encyclopedia» XIV cild, səhifə 883, 884).

b Daha ətraflı məlumat üçün «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə «Tövratda Allahın adı» adlı A4 əlavəsinə baxın.