Kontentə keç

Yerin müstəvi şəklində olması Müqəddəs Kitaba əsaslanır?

Yerin müstəvi şəklində olması Müqəddəs Kitaba əsaslanır?

Müqəddəs Kitabın cavabı

 Xeyr, Müqəddəs Kitabda yerin müstəvi şəklində olduğu deyilmir a. Müqəddəs Kitab elmi kitab deyil. Lakin orada elmə zidd gedən heç bir fikir yer almır. Orada yazılanlar «həmişə, indidən ta əbədiyyətədək sabitdir» (Zəbur 111:8).

 Müqəddəs Kitabda «dünyanın dörd bir guşəsi» deyiləndə nə nəzərdə tutulur?

 Müqəddəs Kitabda istifadə olunan «dünyanın dörd bir guşəsi» və «yerin dörd tərəfi» ifadələrini hərfən, yəni yerin dördbucaq olduğu mənasında başa düşmək lazım deyil (Əşiya 11:12; Əyyub 37:3). Bunlar bütün yer üzü mənasını verən bədii ifadələrdir. Müqəddəs Kitabda «şərqdən və qərbdən, şimaldan və cənubdan» ifadəsi də eyni mənada işlədilir (Luka 13:29).

 «Guşə» və «tərəf» kimi tərcümə olunmuş ibrani ifadəsi, görünür, «qanad» sözü əsasında yaranan idiomdur. «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda bu ifadəyə belə izah gətirilir: «Quş qanadlarını açıb balalarının üstünü örtür, buna görə də [bu ibrani sözü] sərilmiş bir şeyin kənarları mənasını verir» (The International Standard Bible Encyclopedia). Həmin mənbədə qeyd olunub ki, Əyyub 37:3Əşiya 11:12 ayələrindəki söz «yerin quru səthinin sahilləri, sərhədləri və hüdudları mənasını verir» b.

 İblisin İsa Məsihi sınağa çəkməsindən hansı qənaətə gəlmək olar?

 İsanı sınağa çəkən zaman İblis «onu götürüb çox uca bir dağın başına gətirdi, dünyanın bütün səltənətlərini və onların calalını» ona göstərdi (Mətta 4:8). Bəziləri iddia edir ki, Müqəddəs Kitabın bu ayəsi müstəvi formasında olan yerin bir hissəsindən bütün dünyanın göründüyünü öyrədir. Lakin ayədəki «uca bir dağın başına» ifadəsi fiziki məkan yox, metaforadır. Gəlin görək bunu deməyə hansı əsas var.

  •   Yer üzündə elə bir dağ yoxdur ki, oradan dünyanın bütün səltənətləri görünsün.

  •   İblis İsa Məsihə dünyanın bütün səltənətləri ilə yanaşı, «onların calalını» da göstərmişdi. Bu cür xırda detalları uzaq məsafədən görmək mümkün deyil. Odur ki, görünür, İblis bütün bunları İsaya görüntü vasitəsilə təqdim etmişdi. Bunu projektor vasitəsilə və ya monitorda dünyanın müxtəlif yerlərində çəkilən şəkilləri göstərməyə bənzətmək olar.

  •   Eyni hadisənin təsvir olunduğu Luka 4:5 ayəsində İblisin İsa Məsihə «bir göz qırpımında dünyanın bütün səltənətlərini» göstərdiyi yazılıb. Bu isə insanın görmə qabiliyyəti xaricindədir. Bu fakt göstərir ki, İblis İsa Məsihə bütün səltənətləri adi insan gözü ilə görünən yolla yox, başqa üsulla göstərmişdi.

a Müqəddəs Kitabda Allahın «Yerin dairəsi üzərində» məskunlaşdığı qeyd olunur (Əşiya 40:22). Bəzi elmi mənbələrə əsasən, burada «dairə» kimi tərcümə olunan sözün həmçinin «kürə» mənası da var, lakin alimlərin hamısı bu fikirlə razılaşmır. İstənilən halda, Müqəddəs Kitab yerin müstəvi formada olduğu fikrini dəstəkləmir.

b Yenidən baxılmış nəşr, 2-ci cild, səhifə 24.