Kontentə keç

Sofiyada yerləşən Bolqarıstan Ali Kassasiya Məhkəməsi

20 MAY 2019
BOLQARISTAN

Bolqarıstanın Ali Məhkəməsi Yehovanın Şahidlərinin din azadlığı hüququnu müdafiə edən qərarlar qəbul edib

Bolqarıstanın Ali Məhkəməsi Yehovanın Şahidlərinin din azadlığı hüququnu müdafiə edən qərarlar qəbul edib

2019-cu ilin mart ayında ölkənin ən ali məhkəmə instansiyası olan Bolqarıstan Ali Kassasiya Məhkəməsi qardaşlarımızla bağlı üç iş üzrə müsbət qərarlar çıxarıb. Bu qələbələr bütün ölkədə qardaşlarımızın ibadət etmək azadlığını müdafiə edən vacib presedent olub.

Bu üç işdən ikisi kütləvi informasiya vasitələrinin yaydığı böhtanlarla bağlı idi. 2012-ci ildə «Vseki den» qəzetində etiqadlarımız barədə böhtanlarla dolu məqalə dərc olunmuşdu. Eynilə, 2014-cü ildə «SKAT TV» kanalında təşkilatımız haqda yalan məlumat verən reportajlar yayımlanmışdı. Hər iki halda qardaşlarımızın bu yalan məlumatları təkzib etmək xahişləri rədd edilmişdi. Müxtəlif məhkəmə instansiyalarında keçirilən bir sıra məhkəmə iclaslarından sonra hər iki iş ali məhkəməyə gedib çıxdı. 18 mart 2019-cu il tarixində ali məhkəmə «SKAT TV»yə qarşı qərar qəbul etdi. Martın 26-sı məhkəmə bu qərara presedent kimi istinad edərək «Vseki den» qəzetini «nifrət nümayiş etdirən dildən» istifadə etməkdə təqsirli bilərək cəzalandırdı.

Üçüncü iş qardaşlarımızı qəddarcasına təqib edən «VMRO — Bolqarıstan Milli Hərəkatı» adlı siyasi qrupla bağlı idi. 17 aprel 2011-ci il tarixində qardaşlarımız İsanın ölümünün anma mərasimini qeyd etmək üçün toplaşmışdılar. «VMRO»nun siyasi lideri Georqi Drakaliyev tərəfindən təşkil olunmuş 60 nəfərdən ibarət aqressiv dəstə qəddarcasına qardaşlarımıza hücum edərək onlara xəsarət yetirmişdi. Qardaşlar məhkəməyə müraciət etmişlər. Nəhayətdə iş ali məhkəməyə gedib çıxdı. 20 mart 2019-cu il tarixində ali məhkəmə cənab Drakaliyevə qarşı qərar çıxardı və indi o, qardaşlarımıza təzminat ödəməlidir.

Biz bu üç müsbət qərara görə çox sevinirik. Bu qərarlar qardaşlarımızın bundan sonra da mömin həyat sürüb qulaqları dinc və sakit yaşamaq hüququnu müdafiə etmək üçün güclü əsas olacaq (1 Timutiyə 2:2).