Kontentə keç

Nataliya həbsdən çıxan həyat yoldaşı Oleq Danilovu qarşılayır

5 MART 2024
RUSİYA

Rusiyada Oleq Danilov həbsdən azad edildi

Rusiyada Oleq Danilov həbsdən azad edildi

1 mart 2024-cü il tarixində Oleq Danilov 3 illik həbs cəzasından sonra azadlığa buraxıldı.

Qərar səsləndirilməzdən əvvəl o, həbs olunarsa, nə edəcəyi ilə bağlı fikirlərini bölüşmüşdü: «Mən Bulusun Filippililərə 4:4 ayəsində yazılan sözləri barədə düşünürdüm. Orada yazılıb: “Rəbbə xidmətdə həmişə sevinin. Bir də deyirəm, sevinin”. Həvari Bulus bu sözləri zindanda olan zaman yazmışdı. Onun Yehova ilə dostluğu və Ona imanı o qədər güclü idi ki, hətta zindanda olsa belə, yenə də sevincini itirmirdi. Mən də onun kimi imkan verməyəcəyəm ki, nəsə sevincimi əlimdən alsın».

Həbsə salınıb ailəsindən ayrı düşəndə onun sevinci sınağa çəkildi. Böyük oğlunun toyunda iştirak edə bilməməyi onun üçün güclü bir zərbə oldu. Həyat yoldaşı Nataliya Danilova həmin vaxt Oleqə nəyin kömək etdiyi barədə danışır: «Oleq başa düşürdü ki, əgər o itirdikləri şeylər barədə düşünməyə davam edərsə, bu onu ruhdan salıb sevincini əlindən ala bilər. Buna görə də o, hal-hazırda əlində olanlar barədə yəni, Yehova ilə münasibətləri, Onun Müqəddəs ruhu ilə verdiyi güc, onu sevən ailəsi, dostları və ümumdünya qardaşlığı barədə düşünür. Düşüncəsini bu cür dəyişməklə, o sanki özünü dünyanın ən varlı adamı hesab edirdi».

Oleq, Nataliya, onların iki oğlu və gəlini

Nataliya Oleqin bu nümunəsinin oğullarına necə təsir etdiyindən də danışdı: «Atalarının çəkdiyi əziyyəti və Yehovanın ailəmizə necə dəstək olduğunu görmələri onların Yehovaya və ümumdünya qardaşlığımıza olan etibarlarını daha da möhkəmləndirdi. İndi onlar Yehovanı həyatlarında birinci yerə qoymağa daha qərarlıdırlar».

Yenidən qovuşa bildikləri üçün Oleq və ailəsinə görə çox sevinirik. Onun nümunəsi bizə xatırlatdı ki, imanımıza görə əziyyətlərə qatlaşmalı olsaq belə, sevincimizi qoruya və Yehovanın ruhunun üzərimizdə olduğuna əmin ola bilərik (1 Butrus 4:14).