Kontentə keç

Romada taqaloq dilində toplantı keçirildi. «Böyük bir ailə yenidən birləşdi!»

Romada taqaloq dilində toplantı keçirildi. «Böyük bir ailə yenidən birləşdi!»

2015-ci il 24—26 iyul tarixlərində minlərlə taqaloqdilli Yehovanın Şahidləri Romada (İtaliya) böyük toplantıda bir araya gəldilər. Bura taqaloq dilli insanların vətəni olan Filippindən 10000 kilometr aralıda yerləşir.

Bir məlumata görə, hal-hazırda Avropada təxminən 850000 filippinli yaşayır. Buna görə də Yehovanın Şahidlərinin Avropadakı təxminən 60 yığıncağı və kiçik qrupları ibadət görüşlərini taqaloq dilində keçirir və filippinlilərə öz dillərində təbliğ edir.

Lakin bütün bu yığıncaqlar və qruplar üçgünlük toplantını Romada ilk dəfə öz ana dillərində keçirmək üçün bir yerə toplaşdılar. Görüşdə iştirak edən 3239 nəfər vaxtilə Filippində xidmət etmiş və hal-hazırda Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü olan Mark Sanderson qardaşın hər gün söylədiyi yekun məruzəni böyük həvəslə dinləyirdilər.

«Ürəyimə təsir etdi»

Böyük toplantının insanın öz ana dilində keçirilməsi ilə danışdığı ikinci dildə keçirilməsi arasında fərq nədədir? Eva adlı bir ana bölüşür: «İngilis dilində bir az başa düşürəm. Taqaloq dilində keçirilən böyük toplantıya görə minnətdaram. Müqəddəs Kitab təlimləri birbaşa ürəyimə təsir etdi». Pul yığıb İspaniyadan İtaliyaya böyük toplantıya getmək üçün o və iki övladı kafedə, restoranda hər həftə yox, ayda bir dəfə yemək yemək qərarına gəldilər. Eva deyir: «Bu qurbana dəyərdi, çünki bu toplantıda mən hər şeyi başa düşdüm».

Almaniyada yaşayan Jasmin bu toplantıda iştirak etmək üçün iş yerindən icazə istədi. O bölüşür: «Yola çıxmağıma az qalmışdı. Mənə dedilər ki, heç hara gedə bilməzsən, çünki görməli olduğun işlər var. Mən sakitliyimi qorudum, Yehovaya dua etdim və müdirimin yanına getdim. Biz işləri elə planlaşdırdıq ki, mən toplantıda iştirak edə bildim. Avropanın hər yerindən gəlmiş filippinli bacı-qardaşlarla bir yerdə olmaq mənə böyük sevinc bəxş etdi».

Sözsüz, Avropada yaşayan filippinlilər təkcə vətənləri üçün yox, həm də Avropanın müxtəlif ölkələrində yaşayan dostları üçün də darıxmışdılar. Bu toplantıda həmin dostlar yenidən görüşdü, amma bu dəfə ruhani bacı-qardaşlar olaraq (Mətta 12:48—50). Fabris deyir: «İnsanları görəndə sevincim aşıb-daşırdı! Böyük toplantının sonunda bir bacı ucadan dedi: “Böyük bir ailə yenidən birləşdi!”»