Kontentə keç

Mündəricatı göstər

Anemiya — səbəbləri, simptomları və müalicəsi

Anemiya — səbəbləri, simptomları və müalicəsi

 «Yeniyetmə yaşlarımda məndə anemiya var idi. Halsız olurdum, tez yorulurdum, sümüklərim ağrıyırdı və diqqətimi bir yerə cəmləyə bilmirdim. Həkimim mənə dəmir tərkibli dərmanlar yazdı. Həm dərmanları içirdim, həm də yeməyimə fikir verirdim. Yavaş-yavaş özümü daha yaxşı hiss etməyə başladım», — Bet adlı bir nəfər deyir.

 Betin səhhətindəki problemlər geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, iki milyard insan, yəni dünya əhalisinin 30 faizi anemiyadan əziyyət çəkir. İnkişaf etməkdə olan ölkələrdə hamilə qadınların 50 faizində, məktəbəqədər yaşda uşaqların isə 40 faizində anemiya var.

 Anemiyanın ciddi fəsadları ola bilər. Ciddi hallarda ürək problemlərinə və hətta ürək çatışmazlığına səbəb ola bilər. ÜST-ün verdiyi məlumata görə, bəzi ölkələrdə «ana ölümlərinin 20 faizi» anemiya ilə əlaqəlidir. Anemiyanın ən geniş yayılmış forması olan dəmir defisitli anemiya uşaqların vaxtından əvvəl və aşağı çəki ilə doğulmasına gətirib çıxarır. Anemiyalı uşaqlar zəif inkişaf edir və infeksiyaya yoluxma riski yüksəkdir. Lakin dəmir defisitli anemiyanın qarşısını almaq və ya müalicə etmək mümkündür a.

Anemiya nədir?

 Anemiya insanın qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının normadan az olması nəticəsində yaşadığı patoloji vəziyyətdir. Səbəblər müxtəlifdir. Belə ki, alimlər anemiyanın 400-dən çox növünü aşkar ediblər. Anemiyanın müvəqqəti və ya xroniki, yüngül və ya kəskin formaları var.

Anemiyanın səbəbləri

 Anemiya yaradan üç əsas səbəb:

  •   Qan itkisi nəticəsində orqanizmdə qırmızı qan hüceyrələrinin azalması

  •   Orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması

  •   Orqanizmin qırmızı qan hüceyrələrini məhv etməsi

 Anemiyanın dünyada ən geniş yayılmış forması dəmir defisitli anemiyadır. Orqanizmdə dəmir çatışmazlığı olanda o, kifayət qədər hemoqlobin, yəni qırmızı qan hüceyrələrinin tərkibində olan və oksigen daşınmasını təmin edən zülal istehsal edə bilmir.

Dəmir defisitli anemiyanın simptomları

 Anemiya ilk mərhələdə yüngül formada ola, hətta sezilməyə bilər. Simptomlar müxtəlif olsa da, dəmir defisitli anemiyaya aşağıdakı simptomlar daxildir:

  •   Hədsiz halsızlıq

  •   Əl və ayaqların soyuq olması

  •   Zəiflik

  •   Dərinin solğunluğu

  •   Baş ağrıları və başgicəllənmə

  •   Sinə ağrıları, ürəyin tez-tez döyünməsi, təngnəfəslik

  •   Dırnaqların kövrəkliyi

  •   İştahasızlıq (xüsusilə körpələrdə və uşaqlarda)

  •   Buz, nişasta, hətta torpaq yemək istəyi

Kimlər risk altındadır?

 Menstruasiya zamanı qan itirdiklərinə görə qadınlar. Həmçinin qida vasitəsi ilə kifayət qədər folat (fol turşusu) və B vitamini qəbul etməyən hamilə qadınlar.

 Vaxtından öncə, yaxud aşağı çəki ilə doğulan və ana südü, yaxud süni qarışıqlarla lazımi miqdarda dəmir almayan körpələr.

 Faydalı və müxtəlif qidalar qəbul etməyən uşaqlar.

 Kifayət qədər dəmirlə zəngin qida qəbul etməyən vegetarianlar.

 Qan xəstəlikləri, xərçəng, böyrək çatışmazlığı, qanaxmalı xora xəstəlikləri, yaxud müəyyən infeksiyalı xəstəlikləri olan xroniki xəstələr.

Anemiyanın müalicəsi

 Anemiyanın bütün növlərinin qarşısını almaq və ya müalicə etmək mümkün deyil. Lakin dəmir, yaxud vitamin çatışmazlığından yaranan anemiyanın qarşısını almaq və ya müalicə etmək olar. Bunun üçün tərkibində aşağıdakı maddələr olan faydalı qidalar qəbul etmək gərəkdir:

 Dəmir. Ət, paxlalı bitkilər, mərcimək və tünd yaşıl rəngli tərəvəzlərin tərkibində mövcuddur b. Araşdırmalar göstərir ki, yeməyin dəmir qazanda bişirilməsi də faydalıdır, beləcə, qidanın tərkibindəki dəmiri çoxaltmaq olur.

 Folat. Meyvələr, tünd yaşıl yarpaqlı tərəvəzlər, yaşıl noxud, lobya, pendir, yumurta, balıq, badam və yerfındığının tərkibində mövcuddur. Həmçinin zəngin vitaminli dənli bitki məhsullarının, məsələn, çörəyin, səhər yeməyi üçün yarmaların, makaronun, düyünün tərkibində var. Folatın sintetik forması fol turşusudur.

 B12 vitamini. Ətin, süd məhsullarının, zənginləşdirilmiş yarmaların və soya məhsullarının tərkibində mövcuddur.

 C vitamini. Sitrus meyvələrinin və şirələrinin, bibərin, brokolinin, pomidorun, yemişin, qarpızın və çiyələyin tərkibində var. C vitaminli qidalar orqanizmin dəmiri mənimsəməsinə kömək edir.

 Qidalar ərazidən-əraziyə fərqlənir. Odur ki, yaşadığınız ərazidə hansı qidaların lazımi maddələrlə zəngin olduğunu öyrənin. Bu, qadınlar üçün, xüsusilə də hamilə olan və ya hamiləlik planlaşdıran qadınlar üçün vacibdir. Öz sağlamlığınızın qeydinə qalmaqla övladınızın anemiya riskini azaldırsınız c.

a Bu məqalədə qida və buna dair digər məlumatlar əsas etibarilə Mayo Klinikasına və «The Gale Encyclopedia of Nursing and Allied Health» adlı nəşrə əsaslanır. Sizdə anemiya olduğunu ehtimal edirsinizsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz.

b Həkim məsləhəti olmadan dəmir tərkibli qida əlavələrini qəbul etmək, yaxud uşaqlara vermək məsləhət deyil. Dəmir çoxluğu qaraciyəri zədələyə və başqa problemlərə yol aça bilər.

c Bəzən həkimlər anemiyanı qan köçürməklə müalicə edir. Yehovanın Şahidləri bu müalicə üsulunu qəbul etmir (Həvarilərin işləri 15:28, 29)..