Kontentə keç

Mündəricatı göstər

Özünüzü dezinformasiyadan qoruyun

Özünüzü dezinformasiyadan qoruyun

 Bu gün, sağlamlıq və təhlükəsizlik də daxil olmaqla, istənilən mövzuda külli miqdarda məlumat tapmaq olar. Ancaq məlumat axtararkən özümüzü müxtəlif növ dezinformasiyadan gözləməliyik, məsələn:

 Məsələn, COVID-19 pandemiyası zamanı BMT-nin baş katibi təhlükəli dezinformasiya epidemiyasının yayılması ilə əlaqədar narahatçılığını bildirmişdi. O demişdi: «Müalicəyə dair saxta və zərərli məsləhətlər bütün dünyanı basıb. Radio və televiziyadan ağ yalan səslənir. İnternetdə cəfəng sui-qəsd nəzəriyyələri dolaşır. Nifrət virusun özündən daha sürətlə yayılır və nəticədə, insanlara, qruplara damğa vurulur və onların adı bədnam edilir».

 Əlbəttə ki, dezinformasiya yeni bir şey deyil. Bununla belə, Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, «pis adamlar və fırıldaqçılar... aldadıb aldanaraq get-gedə daha betər işlər görəcəklər» (2 Timutiyə 3:1, 13). İnternet əlçatan olandan daha çox yalan xəbər və məlumat alırıq və onlara aldanaraq başqalarına ötürürük, beləcə, yalan xəbərlər və məlumatlar daha asanlıqla və daha sürətlə yayılır. Nəticədə, elektron poçtumuz, istifadə etdiyimiz sosial media və xəbərlər lentimiz təhrif olunmuş, yarıyalan-yarıgerçək məlumatlarla dolur.

 Belə isə, özümüzü dezinformasiyadan və sui-qəsd nəzəriyyələrindən necə qoruyaq? Növbəti Müqəddəs Kitab prinsipləri bizə kömək edə bilər.

  •   Gördüyünüz və eşitdiyiniz hər şeyə inanmayın

     Müqəddəs Kitabda deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).

     Ehtiyatlı olmasaq, asanlıqla aldana bilərik. Nümunə kimi internetdə, xüsusilə də sosial mediada geniş yayılmış yazılı şəkilləri və qısa videoları gətirmək olar. Onlara mem deyilir və çox vaxt gülməli olur. Lakin bəzən bu şəkil və videolar hansısa məlumatın kontekstindən çıxarılaraq təhrif olunur. Bu gün hətta saxta videolar yaratmaq mümkündür: bu videolarda real insanlar əslində heç vaxt etmədiyi və demədiyi şeyləri edir və deyir.

     «Tədqiqatçıların sosial mediada ən çox qarşılaşdıqları dezinformasiya növü kontekstindən çıxarılmış şəkil və videolardır, məsələn, memlər» («Axios Media»).

     Özünüzdən soruşun: «Bu, doğru xəbərdir, yoxsa sadəcə memdir?»

  •   Məlumatın mənbəyinə və məzmununa diqqət yetirin

     Müqəddəs Kitabda deyilir: «Hər şeyin doğru olub-olmadığını yoxlayın» (1 Salonikililərə 5:21).

     Hətta populyar və xəbərlərdə tez-tez təkrarlanan məlumata inanmazdan və onu başqaları ilə bölüşməzdən əvvəl onun doğru olub-olmadığını yoxlayın. Bunu necə etmək olar?

     İlk növbədə mənbənin etibarlı olub-olmadığını yoxlayın. Xəbər agentlikləri və digər təşkilatlar siyasi və maddi maraqlarından irəli gələrək məlumatı təhrif edə bilər. Bir mənbədən eşitdiyiniz xəbəri digər mənbələrdə deyilənlərlə müqayisə edin. Bəzən dostlarımız yalan məlumata aldanaraq onu elektron poçtumuza göndərə və ya sosial media vasitəsilə bizimlə bölüşə bilərlər. Ona görə də məlumatın mənbəyini yoxlamaq olmursa, ona inanmayın.

     Məlumatın məzmununun köhnəlmədiyini və dəqiq olduğunu yoxlayın. Bunun üçün məlumatın tarixini, orada deyilən faktları yoxlayın və məlumatı təsdiqləyən etibarlı sübutlar axtarın. Əgər çətin və qarışıq məlumat həddən artıq sadələşdirilibsə və ya məlumat insanlarda müəyyən hisslər oyatmağa yönəldilibsə, xüsusilə diqqətli olmaq lazımdır.

     «İndi faktları yoxlamaq, demək olar ki, əlləri yumaq qədər vacibdir» (Sridhar Dharmapuri, BMT-nin Ərzaq və Qida Təhlükəsizliyi üzrə baş mütəxəssisi).

     Özünüzdən soruşun: «Bu xəbərdə faktlar təqdim olunur, yoxsa kiminsə şəxsi fikri?»

  •   İstədiyinizə yox, faktlara inanın

     Müqəddəs Kitabda deyilir: «Öz ürəyinə etibar edən axmaqdır» (Məsəllər 28:26).

     İnsan inanmaq istədiyi məlumata etibar etməyə meyillidir. İnternet şirkətləri sosial şəbəkələrdəki xəbərlər lentimizə çox vaxt maraqlarımıza və internetdə axtarış tarixçəmizə uyğun olan xəbərlər və digər məlumatlar göndərir. Ancaq eşitmək istədiyimiz məlumat heç də həmişə bizə lazım olan məlumat olmur.

     «İnsanda götür-qoy etmək və məntiqli düşünmək qabiliyyəti var, lakin arzularımız, ümidlərimiz, qorxu və motivlərimiz çox vaxt tərəzinin bir gözünü aşağı çəkir və belə hallarda inanmaq istədiyimiz şeyi həqiqət kimi qəbul etməyə daha meyilli oluruq» (Piter Ditto, sosial psixoloq).

     Özünüzdən soruşun: «Mən bu məlumata sadəcə inanmaq istədiyim üçün inanıram?»

  •   Yalan məlumatları yaymayın

     Müqəddəs Kitabda deyilir: «Yalan xəbər yaymayın» (Çıxış 23:1).

     Unutmayın ki, başqaları ilə bölüşdüyünüz məlumatlar onların düşüncə və hərəkətlərinə təsir etmək gücünə malikdir. Yanlış məlumatı hətta bilmədən paylaşanda belə nəticə yenə də pis ola bilər.

     «Bir nömrəli qayda: məlumatı paylaşmazdan əvvəl ayaq saxlayıb özünüzdən soruşun: “Onun doğruluğuna tam əminəm?” Əgər hamı belə etsə, internetdə dezinformasiya xeyli azalacaq» (Piter Adams, «Xəbərlər savadlılığı layihəsi»nin baş vitse-prezidenti).

     Özünüzdən soruşun: «Bu məlumatın doğruluğuna əmin olduğum üçün onu paylaşıram?»