Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Niyə özümü kəsib-yaralayıram?

Niyə özümü kəsib-yaralayıram?

 Kəsmək deyiləndə nə nəzərdə tutulur?

 Kəsmək deyiləndə kəsici alətlə özünü yaralamaq nəzərdə tutulur. Asılılıq halını alan bu vərdiş özünü yaralamağın üsullarından yalnız biridir. Özünə xətər yetirməyin digər üsulları isə bədənin müxtəlif nahiyələrini yandırmaq və ya vuraraq göyərtməkdir. Bu məqalədə insanın özünə kəsici alətlərlə xətər yetirməsindən söz açılır, amma buradakı prinsiplər digər hallara da aid edilə bilər.

 Biliyini yoxla: düzdür, yoxsa səhv?

  1.   Yalnız qızlar özlərini kəsirlər.

  2.   Özünü kəsici alətlərlə yaralamaq Müqəddəs Kitabın Levililər 19:28 ayəsindəki əmri pozur. Orada deyilir: «Bədəninizə yara vurmayın».

 Düzgün cavablar:

  1.   Səhv. Bu problem daha çox qızlar arasında yayılsa da, oğlanlar da kəsici alətlərlə və digər üsullarla özlərinə xətər yetirirlər.

  2.   Səhv. Levililər 19:28 ayəsində qədim bütpərəst xalqların dini ayinindən söhbət gedir və bu məqalə ilə əlaqəsi yoxdur. Lakin buradan belə nəticəyə gəlmək olar ki, sevən Yaradanımız bədənimizə zərər vurmağımızı istəmir (1 Korinflilərə 6:12; 2 Korinflilərə 7:1; 1 Yəhya 4:8).

 İnsanlar nəyə görə belə edirlər?

 Biliyini yoxla: səncə, hansı fikir daha düzdür?

 İnsanlar özlərini ona görə kəsirlər ki...

  1.   mənəvi əzablarına son qoymaq istəyirlər.

  2.   intihara cəhd göstərirlər.

 Düzgün cavab: A. Bu addımı atanların əksəriyyəti bunu özünü öldürmək məqsədilə etmir. Onlar sadəcə çarəsizlik hissindən azad olmaq istəyirlər.

 Görək nəyə görə gənclər bədənlərinə xətər yetirirlər.

 Silia: «Bu, məni sakitləşdirirdi».

 Tamara: «Belə edəndə, sanki, canım mənəvi ağrıdan qurtulurdu. Fiziki ağrı mənəvi əzabdan yaxşı idi».

 Kerri: «Qəm dəryasına batmaqdan zəhləm gedirdi. Özümü kəsəndə bütün fikrim fiziki ağrıda olurdu və kədərimi unudurdum».

 Cerrin: «Hər dəfə özümü kəsəndə, demək olar ki, ətrafda baş verənlərdən bixəbər olurdum və problemlərimi həll etməli olmurdum. Bu da mənim xoşuma gəlirdi».

 Sənin də belə problemin varsa, buna necə son qoya bilərsən?

 Yehova Allaha dua etmək emosional vəziyyətinin yaxşılaşmasında vacib addım ola bilər. Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır» (1 Peter 5:7).

 Məsləhət. Əvvəl-əvvəl qısa dualar edə bilərsən. Məsələn, belə demək olar: «Yehova, mənə kömək elə». Vaxt keçdikcə açılışacaqsan və «hər cür təsəlli Allahı» Yehovaya ürəyini boşalda biləcəksən (2 Korinflilərə 1:3, 4).

 Dua psixoterapiya üsulu deyil. Bu, səmavi Atanla əsil ünsiyyətdir. O söz verir: «Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam» (Yeşaya 41:10).

 Belə problemi olan gənclərin bir çoxu hisslərini valideynləri ilə və ya digər yetkin insanla bölüşməklə rahatlıq tapmışlar. Gəlin belə edən üç gəncin sözlərinə nəzər yetirək.

 Düşünmək üçün suallar

  • Kömək almağa özünü hazır hiss edəndə kimə yaxınlaşacaqsan?

  • Problemin haqda duada Yehovaya nə deyə bilərsən?

  • Sənə stressdən və narahatçılıqdan azad olmağa kömək edəcək hansı iki üsulun adını çəkə bilərsən? (Özünə xətər yetirmək olmasın.)