Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Sekstinq barədə nəyi bilməliyəm?

Sekstinq barədə nəyi bilməliyəm?

 Sekstinq nədir?

 «Sekstinq» elektron formatda seksual xarakterli şəkil, mətn və videoların göndərilməsi deməkdir. Bir kişi deyir: «İndi bu, demək olar ki, ünsiyyət etməyin adi üsullarından biridir. Əvvəl-əvvəl mesajlaşırsınız və bir də ayılırsınız ki, artıq bir-birinizə mesaj yox, ehtiras oyadan şəkillər göndərirsiniz».

 İnsanlar nəyə görə belə edirlər? «Nyu-York Tayms» qəzetində prokurorun baş müavininin sözləri gətirilirdi. O demişdi: «Bəzi yeniyetmələr görüşdükləri qızın (oğlanın) çılpaq şəklini mobil telefonlarında saxlamaqla aktiv cinsi həyat yaşadıqlarını sərgiləyirlər». Hətta bir yeniyetmə qız bunu «təhlükəsiz cinsi əlaqə»nin bir növü adlandırır. O deyir ki, belə hallarda «arzuolunmaz hamiləlik və cinsi yolla ötürülən xəstəliklərə yoluxmaq qorxusu olmur».

 Yeniyetmələrin sekstinqlə məşğul olmalarının digər səbəbləri:

  •   münasibətdə olmaq istədikləri kəslə flirt etmək;

  •   açıq-saçıq şəkil göndərən adamın qarşısında «borclu» qalmamaq.

 Belə işlərin axırı necə olur?

 Mobil telefon vasitəsilə göndərdiyin şəklin sahibi artıq sən deyilsən, ondan necə istifadə olunacağına və sənə necə ad qazandıracağına nəzarət edə bilməzsən. Pyu adına Tədqiqat Mərkəzinin mütəxəssislərindən biri olan Amanda Lenhart sekstinqlə bağlı hesabatda deyir: «Səhv və pis hərəkətlərin sübutlarını başqalarına ötürmək və onları arxivləşdirmək hələ heç vaxt bu qədər asan olmayıb».

 Elə də olur ki,

  •   çılpaq şəkil alan şəxs dostlarını əyləndirmək üçün şəkli onlara göndərir;

  •   xəyanətə uğrayan oğlanlar qisas almaq məqsədilə görüşdükləri qızların çılpaq şəkillərini başqalarına göndərirlər.

 NƏYİ BİLMƏLİSƏN? Bir çox hallarda çılpaq şəkillərin göndərilməsi uşaqbazlıq və ya uşaq pornoqrafiyasını yaymaqla bir tutulur. Sekstinqlə məşğul olan bəzi azyaşlılar hətta cinsi cinayət törətməkdə ittiham edilib.

 Allah buna necə baxır?

 Müqəddəs Kitabda Allahın cinsi əlaqəyə yalnız nikah daxilində icazə verdiyi deyilir (Süleymanın məsəlləri 5:18). Allah evli olmayan insanlar arasında cinsi münasibətin olmasını qadağan edir. Bəzi Müqəddəs Kitab ayələrinə nəzər salaq:

  •   «Cinsi əxlaqsızlığı, hər cür natəmizliyi və ya acgözlüyü dilinizə belə gətirməyin,.. aranızda abırsız hərəkətlərə, nalayiq zarafatlara, ümumiyyətlə, ədəbsiz şeylərə yer verməyin» (Efeslilərə 5:3, 4).

  •   «Bədəninizin üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa... meyilləri öldürün» (Koloslulara 3:5).

 Bu ayələr yalnız əxlaqsızlıqdan (nikahdankənar cinsi əlaqədən) yox, həmçinin natəmizlik (bu söz hər cür cinsi murdarlığa aid edilir) və şəhvət (bu söz altında nikah daxilində təmin oluna biləcək normal romantik hisslər yox, nalayiq davranışlara gətirib çıxaracaq ehtiras nəzərdə tutulur) kimi hər şeydən çəkindirir.

 Özündən soruş:

  •   Nəyə görə demək olar ki, çılpaq şəkilləri almaq və göndərmək natəmizliyin bir növüdür?

  •   Sekstinq nalayiq hiss olan şəhvəti necə alovlandırır?

  •   Nəyə görə çılpaq şəkillərə baxmaq və ya yaymaq istəyi zərərlidir?

 Müqəddəs Kitabda qələmə alınan növbəti sözlər sekstinqdən qaçınmağa daha çox əsas verir.

  •   «Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi bir adam,.. alnıaçıq bir işçi kimi çıxasan» (2 Timoteyə 2:15).

  •   «Görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız» (2 Peter 3:11).

 Bu ayələr namuslu olmağın dəyərini göstərir. İnsan ləyaqətli davrananda hansısa hərəkətinin sonradan onun zərərinə olacağından qorxmayacaq (Qalatiyalılara 6:7).

 Özündən soruş:

  •    Mən necə insanam?

  •    Başqalarının adına ləkə gətirməkdən ehtiyat edirəm?

  •    Kimisə incidəcək şeylərlə əylənmək istəyirəm?

  •    Sekstinq adıma necə təsir edə bilər?

  •    Bununla məşğul olmağım valideynlərimin mənə olan etibarını sarsıtmayacaq ki?

 OLMUŞ HADİSƏ. «Mənim rəfiqəm var. O, bir oğlanla görüşürdü və münasibətlərini gizli saxlayırdı. Sonra isə rəfiqəm oğlana çılpaq şəklini göndərdi, oğlan da ona öz şəklini göndərdi. Heç 2 gün keçmədi ki, atası onun telefonunu yoxlamaq qərarına gəldi. Atası onun yazışmalarını görəndə az qaldı dəli olsun. O, qızı ilə danışdı və rəfiqəm hər şeyi boynuna aldı. Qız çox peşman olsa da, valideynləri, doğrudan da, şokda idilər və məyus olmuşdular. Onlar bir də ona etibar edə biləcəklərinə əmin deyillər».

 Fakt. Çılpaq şəkillər göndərənin də, baxanın da ləyaqəti alçalır. Görüşdüyü oğlan tərəfindən sekstinqlə məşğul olmağa təhrik edilən bir yeniyetmə deyir: «Özümdən iyrənirdim və utanırdım».

 Sekstinqin əxlaqi, etik və hüquqi nəticələrini nəzərə alaraq, Müqəddəs Kitabın növbəti məsləhətlərinə riayət etmək daha yaxşıdır:

 Sən edərdin?

 Gəlin Müqəddəs Kitabda verilən məsləhətlərin real həyatda necə effektiv olduğuna baxaq. Canetin sözlərini oxu və sonra isə hansı variantın yaxşı olduğunu seç.

 «Bir dəfə mən oğlanla tanış oldum və biz bir-birimizə nömrələrimizi verdik. Heç bir həftə keçməmiş o, məndən açıq çimərlik geyimində şəkillərimi göndərməyimi istədi».

 Necə düşünürsən, Canet nə etməlidir? Sən nə edərdin?

  •  VARİANT A. Sən düşünə bilərsən: «Burada heç bir pis şey yoxdur. Onsuz da nə vaxtsa çimərliyə getsəydik, o, məni bu geyimdə görəcəkdi».

  •  VARİANT B. Sən düşünə bilərsən: «Məqsədini tutmadım. O qədər də açıq olmayan şəklimi göndərim, sonra görüm nə olacaq».

  •  VARİANT C. Sən düşünə bilərsən: «Bu oğlanın niyyəti bəllidir. Mesajını silim getsin».

 Ən yaxşı variant C variantıdır, elə deyilmi? Müqəddəs Kitabda bu haqda deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3).

 Bu testdən də görünür ki, çox vaxt digər nalayiq hərəkətlərdə olduğu kimi, sekstinqin də kökündə yanlış dost seçimi durur (Süleymanın məsəlləri 13:20). Sara adlı bir gənc qadın deyir: «Nalayiq hərəkətləri götürməyən insanlarla oturub-dur». Delia da onun fikrinə şərikdir: «Bəzi dırnaqarası dostlar əxlaqını qorumağa yox, onu pozmağa çalışırlar. Əgər onlar Allahın qanuna zidd davranırlarsa, səni də buna təhrik edəcəklər. Sən doğrudan da, belə davranmaq istəyərdin?»