Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vaxtımı necə tənzimləyə bilərəm?

Vaxtımı necə tənzimləyə bilərəm?

 Nəyə görə vaxtını tənzimləməlisən?

  •   Vaxt pul kimidir. İsrafçılıq etsən, ona ehtiyacın olanda əlin boş qalacaq. Amma əgər vaxtını büdcələşdirsən, sevdiyin şeyləri etməyə əlavə vaxtın olacaq.

     Müqəddəs Kitab prinsipi: «Tənbəlin ürəyindən çox şey keçər, ancaq heç nəyi olmaz. Çalışqan isə bolluğa yetişər» (Məsəllər 13:4).

     Nəticə: Vaxtını tənzimləmək səni məhdudlaşdırmayacaq, əksinə daha çox azadlıq verəcək.

  •   Vaxtı tənzimləmək yetkin yaşda köməyinə çatacaq dəyərli bacarıqdır. Hətta bu bacarıq sayəsində işində həmişəlik qala bilərsən. Bir düşün, əgər biznes sahibi olsaydın, hər dəfə işə gecikən işçini işdə saxlayardın?

     Müqəddəs Kitab prinsipi: «Xırda işdə etibarlı olan böyük işdə də etibarlı olur» (Luka 16:10).

     Nəticə: Vaxtı tənzimləmək bacarığı sənin necə insan olduğun barədə çox şey deyir.

 Etiraf etmək lazımdır ki, vaxtı tənzimləmək heç də asan məsələ deyil. Gəl vaxtı tənzimləməyə maneə olan bir neçə sahəni gözdən keçirək.

 1-ci maneə: Dostlar

 «Dostlarım onlarla harasa getməyimi istəyəndə, demək olar ki, həmişə razılıq verirəm. Hətta vaxtım olmasa belə. Düşünürəm ki, evə gələndə işlərimi tez bitirərəm. Bu, heç vaxt alınmır və nəticədə, hər şey bir-birinə qarışır» (Sintiya).

 2-ci maneə: Əyləncələr

 «Televizor tozsoran kimidir. O, səni qarşı durmaqda çətinlik çəkdiyin verilişlərin, filmlərin içinə çəkir» (Ayve).

 «Saatlarla planşet əlimdən yerə düşmür. Məni dayandıran şeyin yalnız batareyanın ölməsi olanda özümü günahkar sayıram» (Meri).

 3-cü maneə: Təxirə salma

 «Məktəb tapşırıqlarımı və etməli olduğum başqa işləri təxirə salıram. Ona görə də bu işləri bitirməyə məcbur olduğum ana qədər vaxtımı boş-boş şeylərə sərf edirəm. Etiraf etməliyəm ki, vaxtımı çox pis tənzimləyirəm» (Bet).

Vaxtını tənzimləmək səni məhdudlaşdırmayacaq, əksinə daha çox azadlıq verəcək

 Nə edə bilərsən?

  1.   Etməli olduğun işlərin siyahısını tut. Məsələn, ev işlərini və ev tapşırıqlarını bu siyahıya daxil et. Bir həftə ərzində bu işlərin hər birini bitirmək üçün nə qədər vaxta ehtiyacın olduğunu yaz.

     Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).

  2.   Asudə vaxtlarında etməyi xoşladığın məşğuliyyətlərin siyahısını tut. Bu siyahıya sosial şəbəkələr və televizora baxmaq kimi məşğuliyyətlər aid ola bilər. Bir həftə ərzində bu məşğuliyyətlərin hər birinə neçə saat sərf etdiyini yaz.

     Müqəddəs Kitab prinsipi: «Müdrik davranın və vaxtınızın qədrini bilin» (Koloslulara 4:5).

  3.   Bir cədvəl tərtib et. Yazdığın hər iki siyahıya yenidən göz at. Önəmli işləri etməyə kifayət qədər vaxtın qalır? Asudə məşğuliyyətlərə sərf etdiyin vaxtdan önəmli işlərə ayırmağa ehtiyac var?

     Məsləhət: Gündəlik siyahı tərtib et və hər bir işi, məşğuliyyəti bitirdikcə qarşısına işarə qoy.

     Müqəddəs Kitab prinsipi: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).

  4.   Qətiyyətli ol. Düzdür, sosial bir dəvəti rədd edib, önəmli işləri etmək məcburiyyətində qala bilərsən. Bununla belə, daha çox boş vaxtının qaldığını görəcəksən və bu, səni məmnun edəcək.

     Müqəddəs Kitab prinsipi: «İşinizdə ləng olmayın, çalışqan olun» (Romalılara 12:11, haşiyə).

  5.   Özünü ancaq işlərini bitirəndən sonra mükafatlandır. Tara adlı gənc qız deyir: «Bəzən siyahıdakı iki şeyi bitirirəm və öz-özümə düşünürəm: “Yaxşı, indi 15 dəqiqə televizora baxa bilərəm, sonra gedib qalan işləri görərəm”. Bir də görürəm 15 dəqiqə 30 dəqiqə, 30 dəqiqə də bir saat olub. Özüm də bilmədən televizorun qarşısında düz iki saat vaxt keçirirəm!»

     Həll yolu: İstirahətə günün mexaniki bir hissəsi kimi yox, işlərini tamamladığın təqdirdə bir mükafat kimi bax.

     Müqəddəs Kitab prinsipi: «İnsan üçün... zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24).